Azərbaycanın Gürcüstandakı səfiri İlya Dövlət Universitetinin rəhbərliyi ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri İlya Dövlət Universitetinin rəhbərliyi ilə görüşüb Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İlya Dövlət Universitetinin (İDU) rektoru Nino Doborcginidze ilə görüşüb.
Azərbaycan səfirini ali təhsil ocağında görməkdən şərəf duyduğunu vurğulayan rektor Nino Doborcginidze Azərbaycanın Gürcüstanın əsas strateji müttəfiqi, etibarlı və əvəzsiz tərəfdaşı olduğunu bildirib.
Rektor rəhbərlik etdiyi universitetin Azərbaycanın ali təhsil ocaqları ilə müxtəlif beynəlxalq layihələr çərçivəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Gürcüstanın və Azərbaycanın elm və təhsil müəssisələri arasında əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.
İDU rektoru Azərbaycan səfirinə ali məktəbin tələbələri üçün açıq mühazirələr deməyi təklif edib və bildirib ki, bu mühazirələr universitetin tələbələri ilə yanaşı professor-müəllim heyəti üçün də böyük maraq kəsb edəcək.
N.Doborcginidze universitetdə təhsil alan tələbələr arasında çox sayda soydaşlarımız və Azərbaycan vətəndaşlarının olduğunu qeyd edib. O, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təqaüdü əsasında təhsil alan Gürcüstanın azərbaycanlı tələbələrinin 70-80 faizinin məhz İDU-nun payına düşdüyünü bildirib. O, azərbaycanlı tələbələrin bilik və bacarıqlarını yüksək qiymətləndirib, onların ali məktəbin müxtəlif layihələrində yüksək fəallıq göstərdiklərini vurğulayıb.
Faiq Quliyev Azərbaycan ilə Gürcüstan arasında nümunəvi dostluq və qardaşlıq münasibətlərini xüsusi qeyd edib, elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlığın son illər ərzində genişləndiyindən söz açıb, qarşı tərəfi iki ölkənin ali məktəbləri arasında mövcud əlaqələr və onların daha da güclənməsi istiqamətində görülən işlər barədə məlumatlandırıb.
Səfir Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda sosial-humanitar sahədə həyata keçirilən böyük həcmli investisiya layihələrindən də danışıb, il ərzində təxminən 1500 - 1600 azərbaycanlı tələbənin SOCAR şirkətinin təqaüdü hesabına təhsil aldığını diqqətə çatdırıb.
Gürcüstanın azərbaycandilli məktəblərində müəllim çatışmazlığı məsələsinə toxunan səfir qarşı tərəflə İDU-da Azərbaycan dili və ədəbiyyatı kafedrasının açılması imkanlarını da müzakirə edib.
Diplomat, həmçinin İDU-da Azərbaycan auditoriyasının yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu auditoriya həm tələbələr, həm də müəllim heyəti üçün Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanışlıq, həmçinin Azərbaycan-Gürcüstan münasibətləri və qarşılıqlı əlaqələrin təşviq olunmasına xidmət edə bilər.
Səfir rektora İDU-da açıq mühazirələrlə bağlı təklifinə görə minnətdarlıq edib. O, bu cür mühazirələri Azərbaycanın müasir tarixi, regional və qlobal arenalarda oynadığı rol, Gürcüstanla münasibətləri və digər aktual mövzularla bağlı mövqeyinin geniş auditoriyaya çatdırılması baxımından yaxşı fürsət kimi qiymətləndirib.
Görüşdə bir sıra təklif və təşəbbüslər ətrafında müzakirələr aparılıb, ali təhsil sahəsində ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər