Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfəri zamanı Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və Müqəddəs Taxt-tacın nümayəndəsi, Vatikanın bu ölkədəki BMT təsisatlarında səfiri, arxiyepiskop Fortunatus Nvachukvu ilə görüşüb.
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov ilə görüşü zamanı rektor A.Şirinov bildirib ki, ölkəmizdə mövcud multikultural və tolerant mühitin dünyaya tanıdılması, Aİİ-nin beynəlxalq əlaqələrinin genişləndirilməsi ali təhsil müəssisəsi qarşısında dayanan əsas istiqamətlərdən biridir.
Qalib İsrafilov Aİİ-yə gələcək fəaliyyətində uğurlar arzulayıb, qarşıda duran məqsəd və hədəflərin həyata keçirilməsində ali təhsil müəssisəsinə əlindən gələn köməkliyi əsirgəməyəcəyini bildirib.
Aİİ rəhbəri Müqəddəs Taxt-tacın nümayəndəsi və Vatikanın Cenevrədəki BMT təsisatlarında səfiri, arxiyepiskop Fortunatus Nvachukvu ilə görüşündə Vatikan ilə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
A.Şirinov Müqəddəs Taxt-tacın nümayəndəsinə ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirilib ki, Aİİ-də dinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə səmavi dinlər barədə ətraflı bilgi aşılanır.
Rektor Azərbaycanda müxtəlif dinlərin, konfessiyaların və xalqların nümayəndələrinin bir ailə kimi yaşadıqlarını diqqətə çatdırıb.
Qeyd olunub ki, erməni vandalları işğal dövründə torpaqlarımızda ibadət ocaqlarımızı yerlə-yeksan edib. Həmin dövrdə ermənilərin viran qoyduğu ərazilərimiz 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunan torpaqlarımızda hazırda geniş bərpa və quruculuq işləri aparılır.
Müqəddəs Taxt-tacın nümayəndəsi və Vatikanın Cenevrədəki BMT təsisatlarında səfiri, arxiyepiskop Fortunatus Nvachukvu ölkəmizdə mövcud tolerant mühitə heyran qaldığını, belə multikultural mühitin dünyaya nümunə olduğunu vurğulayıb.
O, Heydər Əliyev Fondunun və şəxsən Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Vatikandakı Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsini minnətdarlıq hissi ilə qeyd edib və bildirib ki, bu, Azərbaycan dövlətinin tolerantlıq prinsiplərinə sadiqliyinin təcəssümüdür.

Tehsil-press.az

Oxşar xəbərlər