BDU-da “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransı keçirilib

BDU-da “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransı keçirilib Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransı keçirilib. Tədbir 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin ikinci ildönümünə həsr olunub.
Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2020-ci ildə qazandığımız Böyük Zəfər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və əzminin, Azərbaycan xalqı ilə dövlətinin həmrəyliyinin, qəhrəman Ordumuzun peşəkarlığının, əsgər və zabitlərimizin fədakarlığının təntənəsidir. Azərbaycan Prezidenti İlham Əliyev yalnız şanlı Ordumuzun deyil, diplomatiyamızın da Ali Baş Komandanı oldu. Bu Qələbə ilə xalqımız öz tarixinin yeni bir mərhələsinə qədəm qoydu. Böyük Zəfərin ardınca yeni zəfərlər oldu, doğma Qarabağımız və Şərqi Zəngəzurumuzda geniş tikinti-quruculuq işlərinə başlanıldı.
E.Babayev qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsində - şanlı Zəfərimizdə Azərbaycan dili və ədəbiyyatı mənəvi güc mənbəyi olub. Bu gün Qarabağ ədəbi mühitinin, onomastikasının yenidən və hərtərəfli tədqiqinə ehtiyac var. “Əminəm ki, “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransı bu baxımdan faydalı olacaq, bölmə iclaslarında Qarabağ mövzusuna dair bir çox dilçilik və ədəbiyyatşünaslıq məsələləri təhlil və müzakirə ediləcək”, - deyə rektor bildirib.
Akademik Nizami Cəfərov çıxışında diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfər yalnız 30 illik torpaq həsrətinə son qoymadı, xalqımızın milli və tarixi şüurunu yenidən oyatdı. “Vətən müharibəsi zamanı həm də Ali Baş Komandan İlham Əliyevin çıxışları, müsahibələri sözün böyük gücünü göstərdi. Azərbaycan filoloji fikrində Vətən müharibəsi həm də Söz müharibəsi sayılır və biz bu müharibədən də qalib çıxmışıq”, - deyə alim bildirib.
N.Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan şairləri və yazıçıları tərəfindən Vətən müharibəsi mövzusunda poeziya nümunələri və hekayələr yaradılıb. Yeni nəsr əsərləri də yaradılacaq.
Akademik Teymur Kərimli konfransın Vətən müharibəsində qazanılan Böyük Qələbənin ədəbiyyatşünaslıqda əksi baxımından mühüm nəticələrə səbəb olacağına əminliyini bildirib.
Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Kifayət İmamquliyeva “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dilçilik coğrafiyası üsulu ilə tədqiqi”, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Əlizadə Əsgərli “Qarabağ ürəyimdir, Şuşa gözüm giləsi”, BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı “Azərbaycan maarifçiliyi və Qarabağ” mövzularında məruzə ediblər.
Konfrans bölmə iclasları ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər