Azİİ e-Kitab Evinin fondu elektron resurslarla birlikdə bir milyon nəşri əhatə edir

Azİİ e-Kitab Evinin fondu elektron resurslarla birlikdə bir milyon nəşri əhatə edir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi respublikamızın ən reytinqli kitabxanalarından biri olmaqla 3 növbəli iş rejimində 24 saat fəaliyyət göstərir. ADNSU-nun elektron şəbəkəsinə qoşulmuş Azİİ e-Kitab Evi unikal kitabxana sistemi, zəngin və çoxsahəli təsnifləşdirilmiş fondu, elektron kataloqu, kitabları və resursları, beynəlxalq elektron bazalara giriş imkanları olan, yüksək internet və WF şəbəkəsi ilə təmin olunmuş oxu zalları vasitəsilə oxuculara hər cür informasiya xidməti göstərən zəngin bir kitabxanadır.
Bu fikirləri Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova AZƏRTAC-a müsahibəsində davam etdirərək deyib: “Kitab Evinin elektron resurslarla birlikdə bir milyona yaxın nəşri və mənbəni əhatə edən fondu təşkil olunub. Fondun tərkibi demək olar ki, bütün elm sahələrini əhatə etməklə Azərbaycan, rus, ingilis və digər dillərdə olan kitablardan, jurnallardan, dövri mətbuatdan, nadir nüsxə meyarlarına cavab verən unikal və miniatür nəşrlərdən, həmçinin avtoreferat, dissertasiya və digər materiallardan ibarətdir. Azİİ e-Kitab Evinin, həmçinin beynəlxalq universitet və nəşriyyatların elektron bazalarına giriş imkanları mövcuddur. Kitabxana EBSCO, Host nəşriyyat bazasına, Rusiya Federasiyasının ən böyük məlumat axtarış bazalarından biri olan “Polpred.com”a giriş imkanları əldə edib.
Beş mindən çox fəal oxucusu olan Azİİ e-Kitab Evinin xidmətindən professor-müəllim, tələbə heyəti ilə yanaşı, kənar şəxslər də səmərəli istifadə edir. Kitab Evi tərəfindən hər bir qeydiyyata düşmək istəyən oxucuya şəxsi hesab açılır, istifadəçi adı, şifrə verilir. Oxucu Kitab Evinin səhifəsinə daxil olmaqla istədiyi kitabı və yaxud da gecə növbəsinə gəlməyini onlayn sifariş edir və növbəti gün həmin kitabı əldə edir. Oxucu zalları kateqoriyalara görə ixtisaslaşdırılıb. Belə ki, bakalavrlar üçün 78 yerlik, magistrantlar üçün 38 yerlik, doktorantlar və əməkdaşlar üçün isə 8 nəfərlik zallar nəzərdə tutulub. Oxucular masalarda olan notbuk və kompüterlər vasitəsilə kitabxananın bütün resurslarından istifadə etmək hüququna malikdirlər.

Tehsil-press.az


Oxşar xəbərlər