“Azİİ Elektron Kitab Evi” fəaliyyətini genişləndirir

“Azİİ Elektron Kitab Evi” fəaliyyətini genişləndirir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi” fəaliyyətini genişləndirir. Kitabxananın iş prinsipi, maddi-texniki bazası, eləcə də kitabların xüsusi qorunma rejimi haqqında Kitab Evinin direktoru Səlahət Mahmudova AZƏRTAC-a müsahibəsində ətraflı məlumat verib. Bildirib ki, “Azİİ Elektron Kitab Evi” müasir texniki avadanlıq, yeni proqram təminatı, yeni havalandırma və qorunma rejiminə malik mobil rəflərlə təchiz olunmuş, müasir tələblərə cavab verən və universitetin elektron şəbəkəsinə qoşulan Azİİ brendidir.
Ümumilikdə 800 kvadratmetr sahəni əhatə edən Kitab Evi 24 saat fəaliyyət göstərir. Fondda olan bütün çap məhsulları Universal Onluq Təsnifat (UOT) üzrə təsnifləşdirilib və elm sahələrinə görə mobil rəflərdə yerləşdirilib. Kitab Evinin elektron kataloqu oxuculara çoxsaylı və çox elementli axtarış sistemindən istifadə etmək imkanı yaradır. Oxucu tələbə bileti vasitəsilə elektron qeydiyyatdan keçərək istədiyi kitabı sifariş verə bilir.
Kitab Evinin fondu Azərbaycan və xarici dillərdə olan kitablar və universal xarakterli məlumat kitabları, jurnallar və dövri mətbuat nümunələrindən ibarətdir və mütəmadi olaraq zənginləşir. Şirkətlərdən və fiziki şəxslərdən fonda xeyli sayda kitab daxil olub. Kitab Evinin ikinci mərtəbəsində ixtisaslaşmış oxu zalları fəaliyyət göstərir. Oxu zalları kateqoriyalar üzrə - professor-müəllim heyəti və doktorantlar, magistrlər, bakalavrlar üçün nəzərdə tutulur. Kompüterlərlə təchiz olunmuş oxu zallarında bəzi beynəlxalq universitetlərin və nəşriyyatların elektron resurs və bazalarına giriş mümkündür. Kitab Evində ADNSU-nun bütün əməkdaşları və tələbələri kitabxananın abunə olduğu EBSCO beynəlxalq nəşriyyat bazasından və orada yerləşdirilən 9 min jurnaldan, 25 min jurnal məqaləsindən və 2500 kitabdan istifadə edə bilərlər. Həmçinin kitabxanada “One Petro” nəşriyyat bazası və bazada yer alan 21 beynəlxalq nəşriyyatın resurslarından istifadə etmək mümkündür.
ADNSU-nun professor-müəllim heyətinin 1200 kitabının elektron variantı da həmin bazaya daxil olunub və istifadəçilərin ixtiyarına verilib.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər