Pedaqoji Universitetdə 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

Pedaqoji Universitetdə 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının (ƏPT) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rektor Cəfər Cəfərov diqqətə çatdırıb ki, 33 il öncə müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri yaşanıb. Rektor vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu hadisələrə ilk dəfə hüquqi-siyasi qiymət verildi və bu gün 20 Yanvar şəhidlərinin xatirəsi hər birimizin qəlbində əbədi yaşayır.
Tədbirdə 20 Yanvar hadisələrinə aid videoçarx nümayiş olunub.
Sonra istedadlı gənc şair, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi professor Almaz Ülvi, 20 Yanvar şəhidlərindən AMEA-nın aspirantı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi Yusif Sadıqovun bacısı professor Sayalı Sadıqova və Fərizə Allahverdiyevanın qardaşı Zakir Nəbiyev təəssüratlarını bölüşərək, bu misilsiz faciədə xalqımızın onlarla igid övladlarının Vətənin gələcəyi üçün özlərini qurban verdiklərini qeyd ediblər.
Tədbirdə universitetin tələbəsi Aytac Muradlının ifasında tanınmış şairə Mahirə Nağıqızının “Şəhidlər” şeiri səsləndirilib.
ADPU-nun prorektoru professor Asəf Zamanov, professor Hacan Hacıyev, AMEA-nın müxbir üzvü Novruz Quliyev və Yeni Azərbaycan Partiyasının veteranı Rizvan Vahabov da fikirlərini bölüşərək Azərbaycan tarixində önəmli mərhələ təşkil edən bu cür qanla yazılan tarixlərin qeyd olunmasının və yaşadılmasının əhəmiyyətini vurğulayıblar.
Sonda “Ü.Hacıbəyli-68” ƏPT-nin sədri dosent Sultanəli Qurbanov yekun nitqi ilə çıxış edərək şəhidlərimizin xatirəsini yaşatmağın hər birimiz üçün vacib missiya olduğunu qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər