Polşa Ukraynanın döyüş təyyarələri ilə təminatında təkbaşına hərəkət edə bilməyəcək

Polşa Ukraynanın döyüş təyyarələri ilə təminatında təkbaşına hərəkət edə bilməyəcək Polşa Ukraynanın döyüş təyyarələri ilə təminatında təkbaşına hərəkət edə bilməyəcək və bunun üçün müttəfiqlərin razılığı lazımdır.
Bu fikirləri Polşa Prezidenti Andjey Duda BBC kanalına müsahibəsində bildirib.
Fevralın 16-17-də Böyük Britaniyaya nəzərdə tutulan səfəri öncəsi dövlət başçısı diqqətə çatdırıb ki, Polşaya məxsus F-16 qırıcılarının Ukraynaya verilməsi olduqca ciddi qərardır və bu qərar asanlıqla verilə bilməz. Polşa NATO üzvü olduğuna görə, belə bir qərar alyansın ümumi qərarı olmalıdır.
Polşanın silahlı qüvvələrində ABŞ istehsalı olan bu tip təyyarələrin sayı əlliyə yaxındır və bu, Polşanın özünün hava məkanını qorumaq üçün belə yetərli deyil. Digər tərəfdən bu qırıcıların Ukraynanın sərəncamına verilməsi texniki baxış, təlim və s. kimi bir sıra logistik çətinliklərlə də bağlıdır.
Qeyd edilməlidir ki, Polşa dəfələrlə NATO tərəfdaşlarını Ukraynaya tankların ardınca döyüş təyyarələrinin də tədarük olunmasına razılıq verilməsinə çağırıb. Baş nazir Mateuş Moravietski bu mövzu ilə bağlı bildirib ki, bütün NATO tərəfdaşlarının razılığı olduğu halda, onun ölkəsi yalnız döyüş təyyarələrinin göndərilməsinə tərəfdardır.

Tehsil-press.az

Oxşar xəbərlər