“Ana dilim, doğma dilim” – məktəbdə tədbir

“Ana dilim, doğma dilim” – məktəbdə tədbir Paytaxtdakı 300 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim, doğma dilim” adlı tədbir keçirilib.
Əvvəlcə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin, Vətən şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin siyasi xətti olan mədəniyyətimizə xidmət, dəyərlərə ehtiram baxımından təhsil müəssisələrində yubileyi olan dahi şəxsiyyətlər barədə çoxsaylı tədbirlər keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, 300 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, onlara dilimizə sevgi və hörmət hissini aşılamaq baxımından mühüm əhəmiyyət kəsb edir. İdarə müdiri ana dilimizin inkişafına dövlətimizin nə qədər ciddi yanaşdığını konkret misallarla əsaslandırıb.
M.Vəliyeva Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri barədə danışıb.
Qənirə Paşayeva ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında Ulu Öndərin həyata keçirdiyi işlərdən söhbət açıb. Milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyini vurğulayan deputat Ümummilli Liderin ana dilimizin qorunması ilə bağlı siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.
YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvət olan ana dilimizin tarixi barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər