TÜRKPA-nın iclasında transsərhəd təhsilə dair görülən işlərdən bəhs edilib

TÜRKPA-nın iclasında transsərhəd təhsilə dair görülən işlərdən bəhs edilib TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının onlayn formatda 10-cu iclası keçirilib.
"Keyfiyyətli təhsil sahəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində postpandemiya vəziyyətində transsərhəd təhsilin inkişafında TÜRKPA üzv dövlətləri arasında əməkdaşlıq" mövzusuna həsr edilmiş iclasa TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonov moderatorluq edib.
İclasın mövzusu ilə bağlı TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Nizami Cəfərov hesabat məruzəsi ilə çıxış edib. N.Cəfərov məsələ ilə bağlı üzv dövlətlərin məlumat və statistik göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb və vurğulayıb ki, TÜRKPA dövlətləri təhsil sektorunun inkişafına yönəlmiş daxili siyasətlə yanaşı, bu istiqamətdə beynəlxalq əməkdaşlığa və mübadiləyə böyük önəm verir. Xaricdə təhsilin əhəmiyyətinə və yaradılan imkanlara toxunan məruzəçi TÜRKPA ölkələrində təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması və transsərhəd təhsilə dair görülən işlərdən və perspektivlərdən danışıb.
Sonra Milli Məclisin deputatı Hikmət Məmmədov məsələ ilə bağlı çıxış edib, TÜRKPA-ya üzv ölkələrdə təhsil sahəsində inteqrasiyanın, mübadilənin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, ikitərəfli universitetlərin yaradılmasını yüksək dəyərləndirib, eyni zamanda, türk dünyasının zəngin təhsil ənənələrinin dirçəldilməsinin vacibliyini vurğulayıb.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək təhsilin ölkə iqtisadiyyatının inkişafında, həm də sosial təhlükəsizliyin təmin olunmasında əhəmiyyətinə toxunub. O, TÜRKPA-ya üzv dövlətlərdə təhsil sahəsində islahatların davam etdirilməsinin vacibliyini qeyd edərək təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə elektronlaşmış cəmiyyətin tələblərinə, o cümlədən UNESCO-nun yeni təhsil konsepsiyasının əsas prinsipləri olan ömür boyu təhsil, hamı üçün təhsil, sərhədsiz təhsil tələblərinə cavab verən vahid elektron universitet konsepsiyasının işlənib hazırlanmasının zərurətini vurğulayıb.
Sonra iclasda gündəliyə daxil olan digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Tehsil-press.az


Oxşar xəbərlər