Qədim və zəngin ənənələri olan sənət – zərgərlik

Qədim və zəngin ənənələri olan sənət – zərgərlik Zərgər əşyalardan, qiymətli metallardan və daşlardan hazırlanmış məmulatların dizaynı, istehsalı və təmiri ilə məşğul olur. Bu peşənin qədim Misirdə yarandığı güman olunur. Belə ki, eramızdan əvvəl 3-cü minillikdə Misirdə piramidanın qazıntıları zamanı ən qədim zərgərlik məmulatları aşkar edilib. Lakin tapılan məhsulların radiokarbon analizi zamanı onların çox daha əvvəl yaradıldığı, təxmini yaşının isə beş min il olduğu aşkarlanıb. Bu baxımdan zərgərlik peşəsinin də ən azı beş min illik tarixi olduğu güman edilir.
Bu peşənin öyrədildiyi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.
Burada 7 ildən çoxdur ki, zərgərlik sənəti tədris olunur. Ötən müddət ərzində bu peşə üzrə yüzlərlə tələbə məzun olub. 11 illik təhsil bazasından gələn tələbələr 1 il, 9 illik təhsil bazasından gələn tələbələr isə 2 və ya 3 il olmaqla təhsil alırlar.
Metodist, zərgər Eduard Şamaryayev deyir ki, əsas məqsədləri milli irsi yaşatmaq, milli üslubda bəzək əşyaları yaratmaqdır. Onun sözlərinə görə, bu sənəti öyrənmək üçün 15 yaşdan 48 yaşadək şəxslər müraciət edirlər. “Milli zərgərliyimiz yoxdur, bu istiqamətdə ilk addımları atırıq. Ermənilər, ruslar tariximizi siliblər. Təəssüf ki, zərgərlik nümunələrimiz daşınıb, başqa ölkələrin adına çıxarılıb. Hazırda məqsədimiz bu sahəni dirçəltməkdir. Əvvəl bu peşəni tədris edən təhsil müəssisəsi olmadığı üçün diploma önəm verən yox idi. Zərgər üçün diplom vacibdir. Əfsuslar olsun ki, ölkəmizdə bu sahəyə lazımı qayğı göstərilmir. Bu, zirvə sənətdir”.
Digər peşələrdən fərqli olaraq, burada tələbələr və müəllimlər təhsil müəssisəsinin dəstəyi ilə Türkiyədə kurslara ezam olunurlar. Eduard Şamaryayev bildirir ki, Türkiyədən fərqli olaraq, ölkəmizdə qızlar zərgərliyə maraq göstərmirlər: “Təəssüf ki, 7 il ərzində 2 qız tələbəmiz olub. Türkiyədə 150 min zərgər, 16 zərgərlik peşə məktəbi var.
Orada 800 tələbə təhsil alır. Azərbaycanda isə 10 min zərgər var, amma sahənin mütəxəssisi olduqca azdır. Çalışırıq ki, istedadlı uşaqları yetişdirək. Məsələn, Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsi var. Mən orada satış lideriyəm, tələbələrimiz də təhsili başa vurduqdan sonra oraya qoşula bilərlər. Amma oğlanlar yaşla əlaqədar təhsili bitirdikdən sonra əsgərliyə gedirlər, bu da onların karyeralarına başlama dövrünü ləngidir. Bu baxımdan qızların gəlməsi daha məqsədəuyğundur. Zərgərlikdə təhsil alan tələbələr işləyərək öyrənirlər. Burada tələbələr həftənin 3 günü nəzəri, 2 günü isə praktiki dərslər alırlar. Hətta regionlardan da gələn tələbələr var. Peşə məktəbi hazırda həm müəllimlərin maaşı baxımından, həm təhsil baxımından universitetdən üstündür. Məktəb tələbələrə praktiki dərslərdə xammal olaraq tunc təqdim edir. İlkin öyrənmə prosesi üçün bundan istifadə edirik. Amma mən onlara gümüşdən istifadə etmələrini məsləhət görürəm. Çünki bu, qızıla daha yaxın materialdır. Tunc tez oksidləşir, yanır, qaralır. Tələbələr gümüşü öz büdcələri ilə əldə edirlər. Ortalama olaraq bir tələbəyə ay ərzində 25 manatlıq gümüş kifayət edir. Bir gümüş qolbağın maya dəyəri 25 manatdırsa, satışı 50 manat edir. Onlar hazırladıqları zərgərlik nümunələrini sata, yaxud hədiyyə edə bilərlər”.
Eduard Şamaryayev tələbələrin təşkil olunan sərgi və yarmarkalarda aktiv şəkildə iştirak etdiyini deyir. Bildirir ki, əldə olunan gəlir tələbələrin özlərinə verilir: “Əfsuslar olsun ki, ölkəmizdə zərgərliyə aid olan tədbirlər azdır. Amma fürsət olduqca təşkil olunan sərgilərdə tələbələrimizlə birlikdə iştirak edirik. Məsələn, bu yaxınlarda Qobustanda təşkil olunan sərgidə iştirak etdik.
Bu yaxınlarda Zərgərlik Asossiasiyası yaradılıb. Asossasiyanın təşkilatçılığı ilə tələbələrimiz təhsili bitirənə yaxın onları müxtəlif müəssisələrdə istehsalat təcrübəsinə göndəririk. Getdikləri müəssisə rəhbərləri əksər hallarda onlara iş təklifi edir. Dördaylıq təcrübədə tələbələr ikinci aydan sonra pul qazanmağa başlayırlar. Hətta Türkiyədə çalışan məzunlarımız da var”.
İkinci kurs tələbəsi 18 yaşlı Rafael Qurbanov bu sahəni çox sevdiyini deyir: “Burada üzüklər, qolbaqlar hazırlamağı öyrənmişəm. Ən çox kişi qolbağı – kardinal hazırlamağı sevirəm, bir günə hazırlayıram. Ən tez üzük hazırlanır. Amma qadın üzükləri ilə müqayisədə kişi üzükləri hazırlamaq daha asandır”.
Birinci kursda təhsil alan 16 yaşlı İmadəddin Məmmədli isə bildirir: “Fərqli toxunuşlar - moruq, kardinal öyrənmişəm. Hazırda gül toxunuşu öyrənirəm. Hələ ki, hazırladığım məhsullardan satdığım olmayıb. Amma kardinal qolbaq, sadə alyans hazırlayıb hədiyyə etmişəm”.
Zərgərlik peşəsi hazırda işin bir hissəsini yerinə yetirən texnologiyaların olmasına baxmayaraq, aktuallığını itirmir. Mağazalarda bir çox zərgərlik seçimləri var, lakin onların dizaynları bir-birini təkrarlayır. Nadir müəllif əsərlərinin yaradılması ilə peşəkar zərgər məşğul olur. Əl işi olan və bir nüsxədə mövcud olan nümunələri almaq istəyən müştərilər hər zaman olacaq. Atalar demişkən: “Zər qədrini zərgər bilər”.

Tehsil-press.az


Oxşar xəbərlər