Magistrantların respublika elmi konfransı oz işinə başlayıb

Magistrantların respublika elmi konfransı oz işinə başlayıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə strateji idarəetmə və müasir yanaşmalar” mövzusunda magistrantların VI respublika elmi konfransı öz işinə başlayıb.
Əvvəlcə Təşkilat Komitəsinin üzvləri universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra konfrans iştirakçıları ADPU-nun dövri elmi nəşrləri, son 6 ildə universitetdə magistrantların müntəzəm keçirilən respublika elmi konfranslarının materialları və 2021-ci ildən nəşr olunan “Magistrant” dövri elmi jurnalının nömrələrindən ibarət sərgi ilə tanış olublar.
Açılış nitqi ilə çıxış edən konfransın Təşkilat Komitəsinin sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, bu il universitetdə altıncı dəfə keçirilən magistrantların respublika elmi konfransı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin qanunvericilik bazası təkmilləşdirilib, maddi-texniki baza gücləndirilib və təhsilin keyfiyyəti yüksəlib. Bu qayğı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
“ADPU-da son illərdə həyata keçirilən islahatlar universitetin yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. Son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə kadr hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun olaraq yeni ixtisaslar yaradılır”, – deyə rektor qeyd edib.
Vurğulanıb ki, ADPU-da MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” magistratura ixtisaslaşmaları üzrə bu il ilk buraxılışlar olacaq, “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşması üzrə ABŞ-nin Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramının isə ötən il ilk buraxılışı olub.
Rektor diqqətə çatdırıb ki, cəmiyyət həyatının bütün sahələrində sürətli dəyişikliklərin baş verdiyi dövrdə təhsilin təşkili və idarə edilməsinə də münasibət dəyişilməli, yeni yanaşmalar tətbiq olunmalıdır. Bununla bağlı davamlı işlər aparılır və respublika konfransının da bu mühüm problemə həsr olunması bu məqsədə xidmət edir.
“Heydər Əliyev – elm və təhsilin himayədarı” mövzusunda məruzə ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Ümummilli Lider Heydər Əliyevin təhsil quruculuğu ilə bağlı gördüyü işlərdən söz açıb. O, Ulu Öndərin hələ sovetlər dönəmindən Azərbaycanda elmin və təhsilin kompleks inkişafı, milli elmi-pedaqoji, hərbi kadr hazırlığı, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, fundamental tədqiqatlar, oncildlik Azərbaycan Sovet Ensiklopediyasının hazırlanması və kütləvi tirajla nəşri kimi hərtərəfli və düşünülmüş siyasətinin 90-cı illərdən etibarən müstəqillik dövrünün və müasir dünyanın tələblərinə uyğun olaraq davam etdirildiyini deyib. O bildirib ki, hər xalqın taleyində dönüş yaradan fövqəlbəşər şəxsiyyətlər vardır. Belə şəxsiyyətlərə misal olaraq, Amerikada Corc Vaşinqton, Böyük Britaniyada Uinston Çörçill, Türkiyədə Mustafa Kamal Atatürk, Fransada Şarl de Qolla yanaşı, Azərbaycanda Heydər Əliyevi xüsusilə qeyd etmək lazımdır.
Prorektor vurğulayıb ki, elmi potensialın qorunması və inkişaf etdirilməsi hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bütün sahələrdə olduğu kimi, elm və təhsil, intellektual potensialın gücləndirilməsi sahəsində də Heydər Əliyevin siyasətini uğurla davam etdirirlər.
Professorlar Əli Zalov və İsa İsmayılov ADPU-da elmin populyarlaşdırılması və Ümummilli Lider Heydər Əliyev irsinin təbliği istiqamətində görülən işlərdən danışıblar. Onlar universitetdə 6 dövri elmi jurnalın, o cümlədən, “Magistrant” dövri elmi jurnalının nəşrini, hər il gənc alimlər və tədqiqatçılar arasında keçirilən müsabiqəni, beynəlxalq və respublika elmi konfranslarını qeyd ediblər. Əməkdaşların son illərdə yüzlərlə kitab və 1000-dən çox elmi məqalələrinin nəşr olunduğu, beynəlxalq tədqiqat, kadr və informasiya mübadiləsi işində aktiv iştirak etdikləri diqqətə çatdırılıb.
Daha sonra ADPU-nun magistrantı Nurxan Rəcəbli “Ali təhsil müəssisələrinin strateji planlaşdırılması və idarə edilməsi”, BDU-nun magistrantı Ayan Mirzəyeva isə “Müasir dövrdə təhsil sistemində innovativ dəyişikliklər” mövzularında məruzə ediblər.
Plenar iclasdan sonra “Təhsildə strateji idarəetmə”, “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Təhsildə sosial-psixoloji xidmət” və “Tədrisin müasir problemləri” bölmələri üzrə məruzələr dinlənilib.
İki gün davam edəcək konfransda ADPU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin magistrantları, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Pedaqoji Universitetdə təhsil alan çinli magistrantların 310-a yaxın tezisi dinləniləcək. Təşkilat Komitəsinin rəyinə əsasən, çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək, tezislər konfrans materiallarında nəşr olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər