AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin əsasında milli təəssübkeşlik dayanır

AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin əsasında milli təəssübkeşlik dayanır Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin ictimai təşkilatlara cəlb olunması demək olar ki, ən yüksək səviyyədədir. Gənclərlə bağlı dövlət siyasəti, Prezident İlham Əliyevin gənclərə ictimai aktivliklə bağlı çağırışları və universitet rəhbərliyinin bu istiqamətdə diqqət və qayğısı tələbələrimiz üçün stimul yaradır.
Hazırda AzMİU-nun Tələbə Həmkarlar İttifaqında 5 mindən çox gənc birləşib. Onlar təşkilat daxilində formalaşdırılan müxtəlif klub və dərnəklərdə dərsdənkənar fəaliyyətlə məşğuldurlar. Burada ödənişsiz xarici dil kursları, İT təlimlər, debatlar, intellektual yarışlar, bədii qiraət, rəqs dərsləri və s. təşkil olunur. Bundan əlavə, mütəmadi şəkildə istehsalatdan dəvət edilmiş qabaqcıl mütəxəssislərin tələbələrlə görüşü keçirilir. Həmçinin təşkilat hesabına və universitetimizin yardımları ilə tələbələrin ölkəmizin müxtəlif bölgələrinə, tarixi abidələrə, muzeylərə ekskursiyası təşkil olunur.
Bu sözləri AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şahmar Rəfili deyib.
O qeyd edib ki, təşkilatın fəaliyyətinin nəticəsi olaraq ötən il AzMİU debatçıları respublika birinciliyini, 1 tələbə isə Kapuera üzə dünya çempionatında qızıl medal qazanıb. Mindən çox AzMİU tələbəsi bu il qardaş Türkiyədə baş verən zəlzələdə əziyyət çəkənlərə ölkəmizdə yardımların toplanılması və qablaşdırılması prosesinə qoşulub.
“AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin əsasında milli təəssübkeşlik dayanır. Bu istiqamətdə fəaliyyətimizin bariz nümunələri olan “Tariximizi unutmayaq” və “Şuşa” dərnəklərini xüsusilə qeyd etmək istərdim. Bu dərnəklər tarixi torpaqlarımızın tələbələr tərəfindən araşdırılması, öyrənilməsi və öz yaşıdları olan əcnəbi gənclərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd etdiyim dərnəklərdə tələbələrimiz işğaldan azad olunan ərazilərimizdə izi silinmiş tarixi abidələrimizi, Qərbi Azərbaycan ərazisindəki toponimlərimizi, mədəni irsimizi araşdırırlar. Həmçinin dərnək çərçivəsində bu istiqamətdə tanınmış mütəxəssislərlə onların görüşləri təşkil olunur”, - deyə Ş.Rəfili əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər