BDU-da kitab sərgisi: Mir Cəlal Paşayev-115

BDU-da kitab sərgisi: Mir Cəlal Paşayev-115 Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası görkəmli yazıçı, böyük ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilmiş kitab sərgisi təşkil edib.
Sərgidə Mir Cəlal Paşayevin elmi məqalələri, hekayə və irihəcmli əsərlərindən ibarət 80-ə yaxın nəşr, dərslik və dərs vəsaiti, o cümlədən onun haqqında yazılan kitablar, biblioqrafik göstəricilər nümayiş olunur.
Sərgidə müxtəlif dillərdə olan kitablar sırasında ədibin “Füzulinin poetik xüsusiyyətləri” (1940), “Yaşıdlarım” (1955), “Füzuli sənətkarlığı” (1958), “Şəfəqdən qalxanlar” (1972), “Silah qardaşları” (1974) və s. əsərləri yer alıb. Burada böyük yazıçının 1938-ci ildə yazdığı və ona təkcə Azərbaycanda deyil, ölkə xaricində də şöhrət qazandıran “Bir gəncin manifesti” romanının müxtəlif dillərdə və illərdə nəşr olunmuş nüsxələri də diqqəti cəlb edir.
Alimin qızı, BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayevanın Elmi Kitabxanaya hədiyyə etdiyi kitablar da sərgidə yer alır.

Tehsil-press.az


Oxşar xəbərlər