Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I BANM Biznes forumu

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I BANM Biznes forumu SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil” mövzusunda I BANM Biznes forumu keçirilib.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bu forum sürətlə dəyişən dövrdə biznes və təhsil sahəsinin sıx əlaqələrini, çağırışlara cavab vermək üçün fərqli yanaşmaları, təhsil müəssisələrinin prosesə hazırlığını müzakirə etmək, yeni ideyalar barədə fikir mübadiləsi aparmaq baxımından faydalı platformadır. Qeyd edilib ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş və dövlət qurumları, xarici və yerli ali təhsil müəssisələri nümayəndələrinin, iş adamlarının iştirak etdiyi bu ilk forumda müzakirə olunan mövzular aktuallığı ilə seçilir.
Rektor forumun qarşıya qoyulan məqsədlərə çatacağına, biznes və təhsil əlaqələrinə yeni töhfə verəcəyinə əminliyini bildirib və qeyd edib ki, gələcəkdə BANM bu cür forumları ənənəvi olaraq keçirməyi planlaşdırır.
Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznes və ali təhsil müəssisələrinin əməkdaşlığının vacibliyini vurğulayaraq belə biznes forumların əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, KOBİA universitetlərin elmi potensialından istifadə olunması, tələbələr arasında müasir və innovativ düşüncəli sahibkarların formalaşdırılması məqsədilə ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir, birgə təşəbbüslər həyata keçirir.
O.Məmmədov kiçik və orta biznesin inkişafı sahəsində həyata keçirilən dəstək mexanizmləri və xidmətlərdən də bəhs edib.
Milli Məclisin deputatı Vüqar Bayramov yeni çağırışlar fonunda təhsilə yeni yanaşma üsullarından, təhsil sektorunun dəyər yaradaraq biznesə daxil olmasından bəhs edib.
Forum panel müzakirələrlə davam etdirilib. İlk paneldə Özbəkistanın AKFA Universitetinin Biznes Məktəbinin dekanı Odiljon Abdurazzakov “Rəqəmsal erada sahibkarlıq və sahibkar universitetlər” və İzmir Katip Çelebi Universitetinin Biznesin idarə edilməsi fakültəsinin dekanı Sevtap Ünal “Eksperimental marketinq müasir marketinq strategiyalarından biri kimi” mövzularında çıxış ediblər. Forumun II panelində dəyişən biznes trendləri real biznes sektorunun nümayəndələri ilə müzakirə edilib. Bu paneldə “eManat”ın İdarə Heyətinin sədri Ruslan Talıbov və “BERC Group”un həmtəsisçisi və idarəedici partnyoru Kənan Ağayev təqdimat ediblər.
Sonda Bakı Ali Neft Məktəbinin Biznesin idarə olunması kafedrasının müdiri Altay İsmayılov forumun nəticələrinə dair çıxış edib.

Tehsil-press.az


Oxşar xəbərlər