Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrin inkişafında maraqlıdır Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) xarici əlaqələrinin genişlənməsinə, ali təhsildə beynəlmiləlliyə xüsusi diqqət verir. ATMU-da yaranmış ilk inzibati bölmələrdən biri də Beynəlxalq əlaqələr şöbəsidir. Keçən dövr ərzində ATMU Avropa Universitetlər Assosiasiyası, Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elm və Tədqiqat Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya Naminə Universitetlər İttifaqı (AUDEM) kimi nüfuzlu təhsil təşkilatlarına üzv olaraq öz fəaliyyətini daha da gücləndirib.
Bunu ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa söyləyib. O bildirib ki, ATMU Azərbaycan təhsil tarixində ilk dəfə olaraq ikili diplom proqramını uğurla həyata keçirir. Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış akademik müqavilənin şərtlərinə əsasən tələbələr üç tədris ili ərzində turizm və asudə vaxt menecmenti proqramı üzrə ingilis dilində təhsil alırlar. Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU və İMC Krems Tətbiqi Elmlər Universiteti ilə AATP proqramı üzrə yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan-Avstriya Turizm Proqramı üzrə bu günədək 280 nəfər tələbə məzun olaraq hər iki ali təhsil müəssisəsinin diplomunu alıb. ATMU yalnız bakalavr təhsil pilləsi üzrə kadr hazırlığı ilə kifayətlənməyərək həmin universitetlə birlikdə magistr pilləsi səviyyəsində kadr hazırlığına başlayıb. Xatırladaq ki, Prezident İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin görüşü zamanı universitetlər arasında magistratura səviyyəsində tədrisin təşkilini nəzərdə tutan Əməkdaşlıq sazişi imzalanıb.
“Universitetimiz Xəzər Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə qoşulduğu Avropa İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq Pəncərə Proqramının (EU Erasmus Mundus External Cooperation Window) qalibi olub. Üç mərhələdə həyata keçirilmiş proqram çərçivəsində ATMU-nun tələbə və əməkdaşları Yunanıstan, Portuqaliya, Böyük Britaniya, İtaliya, Latviya, Fransa, Bolqarıstanın ali təhsil müəssisələrində müxtəlif müddətlərdə tədris, ixtisasartırma və təcrübə mübadiləsi layihələrində iştirak ediblər. Həmçinin qeyd olunan proqram çərçivəsində ümumilikdə müxtəlif sayda tələbə, müəllim və inzibati heyət işçiləri fərqli Avropa universitetlərinə təhsil və ya tədqiqat üçün göndəriliblər”, - deyə o əlavə edib.
O.Musa qeyd edib ki, ATMU-nun beynəlxalq əlaqələrində önəmli yerlərdən birini beynəlxalq tələbə proqramlarında fəal iştirak tutur. ATMU Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində Avropada fəaliyyət göstərən müxtəlif universitetlər ilə əlaqələr quraraq, xeyli sayda tərəfdaşlar qazanıb, eləcə də məhz bu əməkdaşlıqlar çərçivəsində öz tədris planını daha da inkişaf etdirə bilib. Bu proqram çərçivəsində ATMU tələbələri İspaniya Krallığının Valladolid və Jirona universitetlərində, Finlandiya Kajaani Tətbiqi Elmlər Universitetində, Rumıniya İoan Cusa Alexander Universitetində, Bolqarıstan D.A.Tsenov adına İqtisadiyyat Akademiyasında, Türkiyə Orta Doğu Texniki və Eskişehir Anadolu universitetlərində müxtəlif ixtisaslar üzrə mübadilə tələbəsi kimi iştirakçı olublar. Tələbə mübadiləsi ilə yanaşı, müəllim mübadiləsi imkanlarından istifadə beynəlxalq proqram çərçivəsində universitetin qarşısına qoyduğu əsas istiqamətlərdən biri olub. Son illərdə ATMU ilə proqram daxilində əməkdaşlıq edən tərəfdaş universitetlər arasında xeyli sayda müəllim mübadiləsi həyata keçirilib. Ümumilikdə son 4 il ərzində 20–dən çox ATMU tələbəsi “Erasmus+” proqramı çərçivəsində tərəfdaş universitetlərdə təhsil alıb, 10-dan çox müəllim bu proqram vasitəsilə tərəfdaş universitetlərdə tədris aparıb.
Onun sözlərinə görə, beynəlxalq tələbə mübadiləsi proqramları çərçivəsində ATMU-nun önəm verdiyi istiqamətlərdən biri də qardaş Türkiyə Cümhuriyyəti tərəfindən formalaşdırılan “Mövlanə” mübadilə proqramıdır. ATMU son illər ərzində bu proqrama qoşularaq Türkiyənin fərqli şəhərlərində fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub. Məhz bu səylərin nəticəsində “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyənin bir sıra ali təhsil müəssisələri ilə tərəfdaşlıq müqaviləsi imzalanıb və bunun nəticəsində son 4 ildə 25 nəfərdən çox ATMU tələbəsi beynəlxalq təhsil proqramının imkanlarından yararlana bilib. ATMU Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti ilə sıx əməkdaşlıq əlaqələri formalaşdıra bilib. Məhz hər iki universitet arasında mövcud olan əməkdaşlıq əsasında tələbələrimiz Almaniyada təşkil olunan yay dil kurslarında iştirak edə, eləcə də tələbə mobilliyi çərçivəsində Yade Universitetində bir semestr ərzində təhsil ala bilirlər. Ümumilikdə son 7 il ərzində 30–a yaxın ATMU tələbəsi tərəfdaş universitetdə təhsil alıb.
Şöbə müdiri vurğulayıb ki, universitetdə təhsilin beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədilə xarici mütəxəssislərin tədris prosesinə cəlb edilməsi istiqamətində də addımlar atılır. Erasmus-Mundus Xarici Əməkdaşlıq Proqramı xətti ilə Portuqaliyadan 2, ABŞ hökumətinin təqaüd proqramları ilə 2, Almaniyanın Robert Boş Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın CİM təşkilatları ilə əməkdaşlıq nəticəsində Almaniyadan hər il bir müəllim universitetdə tədris prosesinə cəlb olunub. ATMU, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Almaniyanın DAAD, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (İAEA), BMTİP (UNDP) və sair bu kimi beynəlxalq təşkilatlarla da müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri qurub. Universitet Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən “Elektron təhsildə Cənubi Qafqazda institusional quruculuq və insan resurslarının inkişafı” layihəsinin iştirakçılarından biri olub və distant təhsil üzrə müəllimlərin bacarıqlarını inkişaf etdirməyə səy göstərib. 2011-ci ildən ATMU Ümumdünya Turizm Təşkilatının “qoşulmuş üzvü” (Affiliate member), bir müddət sonra isə Bilik Şəbəkəsinin üzvü seçilib.
Universitetdə ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi turizm və otelçilik ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb. Cənubi Qafqaz regionunun ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətlərdən biridir. ATMU-nun son iki il ərzində əldə etdiyi önəmli uğurlardan biri də turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyətinə görə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatının əldə edilməsidir. Hazırda dünyada 30–a yaxın ali təhsil müəssisəsi adıkeçən sertifikata malikdir.
ATMU, həmçinin tələbələri üçün xaricdə 14 həftəlik istehsalat təcrübə semestri təşkil edir. Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici ölkə səfirliklərinin və beynəlxalq turizm təşkilatlarının dəstəyi ilə ATMU tələbələri Türkiyə, Bolqarıstan, İsrail, Çin və digər ölkələrdə istehsalat təcrübəsi keçə bilmək imkanlarından yararlanırlar. Təkcə 2019–cu il ərzində 80 nəfər yaxın ATMU tələbəsi fərqli xarici ölkələrdə istehsalat təcrübəsi keçib. Növbəti illərdən etibarən tələbələrimizin Almaniya, Qətər və s. kimi yeni turizm destinasiyalarında təşkil olunacaq istehsalat təcrübəsində iştirakçı olmaq imkanları olacaq.
Azərbaycan Respublikası Prezidentinin 2018–ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023–cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın müddəalarını əsas tutaraq ATMU ikili diplom layihələrinin daha da gücləndirilməsini beynəlxalq əlaqələr baxımından növbəti illər üçün əsas prioritetlərdən biri olaraq müəyyən etmişdir. Hazırda turizm ixtisası istiqamətində ikili diplom layihələrinin həyata keçirilməsi üçün Türkiyənin Eskişehir Osmangazi Universiteti, Akdeniz Universiteti, Sakarya Universiteti ilə əməkdaşlıq edilir.
“Yaşadığımız dövrdə sürətlə inkişaf edən, qloballaşan dünyanın turizm və təhsil sahələri üzrə baş verən dəyişikliklərə tez bir zamanda uyğunlaşa bilmək, eləcə də ölkə Prezidentinin rəhbərliyi ilə dövlətimiz və hökumətimiz tərəfindən istər turizm, istərsə də təhsil sahəsində aparılan uğurlu siyasəti əsas götürərək bu gün ATMU öz fəaliyyətində beynəlmiləlləşməyə çox böyük önəm verir. Məhz bunun bariz nümunəsi olaraq turizm, təhsil sahəsində mövcud olan beynəlxalq təşkilatlar, müxtəlif ixtisaslar üzrə tədris aparan fərqli dünya universitetləri ilə əlaqələrin qurulmasına, qurulmuş əlaqələrin daha da gücləndirilməsinə, bütün bunların timsalında ölkəmizin turizm və təhsil sahəsində daha da güclənməsi yolunda aparılan siyasətə, davamlı inkişafa istiqamətlənən cəhdlərə dəstək verməyə çalışır”, - deyə O.Musa fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər