“Gənc istedadlar” liseyinin Sinqapurda təhsil alan məzunu: “Nobel mükafatı almaq istəyirəm”

“Gənc istedadlar” liseyinin Sinqapurda təhsil alan məzunu: “Nobel mükafatı almaq istəyirəm” Uşaqlıqdan ən böyük hədəfim və anamın da istəyi mənim Nobel mükafatı almağımdır. Dərman sintezlərini süni intellektə daşıyaraq Nobel mükafatı almaq istəyirəm.
Bunu Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin ötənilki məzunu, hazırda Sinqapur Milli Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alan, beynəlxalq və yerli olimpiadalar qalibi Nəriman Şirinli söyləyib: “Bunun üçün xarici universitetlərə sənəd vermək qərarına gəldim. X sinfin sonlarında xarici universitetlərə sənəd vermək üçün lazım olan sertifikatları əldə etməyə başladım. IELTS-dən 8 bal aldıqdan sonra universitetlərə qəbul üçün müraciət etdim. Sənəd verdiyim universitetlər arasında ABŞ, Sinqapur və Türkiyə universitetləri vardı. Qəbul olduğum universitetlər Koreyanın KAIST, Türkiyənin Koç və Sinqapur Milli Universiteti oldu. Sənəd verdiyim universitetlər arasında ən gözləmədiyim Sinqapur Milli Universiteti idi. Çünki bu ali məktəb dünya universitetləri siyahısında kimya sahəsi üzrə üçüncüdür. Xarici tələbələr üçün də çox limitli bir universitetdir”.
V sinifdən “Gənc istedadlar” liseyinə qəbul olunduğunu deyən Nəriman Şirinli liseydə xüsusi kimya dərsləri aldığını və Respublika Fənn Olimpiadasına (RFO) qatılaraq gümüş medalla təltif edildiyini söyləyib. O, müxtəlif illərdə respublika fənn olimpiadalarında və beynəlxalq olimpiadalarda qızıl, gümüş və bürünc medallar qazanıb. X sinifdə respublika fənn olimpiadasında qızıl, “Sabahın alimləri” respublika olimpiadasından qızıl, XI sinifdə də RFO-da qızıl və “Birincilərin birincisi” nominasiyası üzrə mükafat qazanıb.
Gələcək karyerası barədə fikirlərini bölüşən Nəriman bildirib ki, əsas məqsədi hansısa elmi araşdırmamın və ya elmi məqalənin olması deyil, bu elmi araşdırmanın insanlara töhfə verməsidir: “Məncə, kimya elminin önəmini COVID-19 pandemiyası dövründə peyvəndlərin hazırlanmasında bir daha anladıq. Mən də bu tip bir layihə hazırlamaq istəyirəm ki, insanlara töhfə versin. Bunun nəticəsində Nobel mükafatı almaq istəyirəm”.
Sinqapur təhsilinin özəlliklərindən söz açan həmsöhbətimiz deyir: “Hər bir xarici universitetdə olduğu kimi, Sinqapur universitetində də təhsildə müəyyən fərqliliklər var. Məsələn, dərslərin keçirilmə üsulu fərqlidir. Müəllimlər, professorlar bu dərsləri ya “Zoom” platforması üzərindən keçir, ya da videoformatda mövzunu izah edirlər. Canlı dərslər isə 30 nəfərlik qruplar şəklində professor və ya professor köməkçisi tərəfindən keçirilir. Bir çox dərslərdə qaib limiti məsələsi də yoxdur. Qiymətləndirmə sistemində də fərqliliklər var. Orada olimpiadada olduğu kimi, medal, rəqabət sistemidir. Yəni, mən 90 faiz yığsam da, 95 faiz yığan adam çox olduqda mən yenə “B” alıram. Əslində mənim üçün Sinqapur təhsilini maraqlı edən cəhətlərdən biri də budur. Bakalavr olmağıma baxmayaraq, araşdırmalara qatıla, bir çox laboratoriya işlərinə qoşulub, hətta elmi məqalələr də çıxara bilirəm”.
Dövlət proqramına əsasən təhsil aldığını deyən N.Şirinli hazırda material mühəndisliyi, ümumi fiberlər sahəsində araşdırmalar apardığını, indi öyrənmə mərhələsində olduğunu söyləyib. Bu araşdırmaya qoşulmaqda əsas məqsədim yeni biliklər əldə etməkdir. Çünki tədris edilən bir çox biliklər olimpiadalara hazırlıq dövründə öyrəndiklərim ilə eynilik təşkil edir.
“Dərman sintezlərini süni intellektə daşımaq istəyirəm. Bu sahədə hazırda işlər gedir. Amma mən bunu daha da inkişaf etdirmək istəyirəm. Bu tip məsələlər üzərində çalışmaq istəyərəm”,- deyə həmsöhbətimiz bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər