"ADMİU TV" kanalının təqdimatı olub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "ADMİU TV" Youtube kanalının təqdimat mərasimi keçirilib.
Mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova universitet həyatının geniş ictimaiyyətə çatdırılması baxımından Youtube kanalının önəmindən danışıb: “Hər kəs bilir ki, ADMİU-nun təhsil həyatı, ictimai və mədəni fəaliyyəti çox genişdir. Fikrimcə, bu fəaliyyətimizi böyük auditoriyaya da çatdırmaq lazımdır. Bizim konsertlərimizi, filmlərimizi, tədbir və tamaşalarımızı yalnız universitetdaxili kollektiv görür. Ancaq ölkənin hər yerində, eləcə də, dünyanın bir çox ölkələrində yaşayan, fəaliyyət göstərən məzunlarımız var. Onlar da məzunu olduqları universitetlə maraqlanırlar. Sevindirici haldır ki, açılan Youtube kanalı vasitəsilə hər kəs bu gözəl layihələri izləmək imkanı əldə edəcək. Həmçinin, inanıram ki, bu kanal tələbələr arasında da sağlam rəqabətə səbəb olacaq”.
Daha sonra ADMİU-nun prorektorları, kafedra müdirləri, tələbələr çıxış edərək, Youtube kanalının önəmindən danışıb, bunun tələbələr üçün də ayrıca stimul olacağına inandıqlarını deyiblər.
Tədbirdə ADMİU-nun elmi-mədəni həyatını əks etdirən video-rolik də nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər