Ulu Öndərin həyata keçirdiyi strategiya bütün sahələrdə uğurların əsasını təşkil edir

Ulu Öndərin həyata keçirdiyi strategiya bütün sahələrdə uğurların əsasını təşkil edir “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı ilə bu qurumun AMEA Rəyasət Heyəti üzrə ərazi partiya təşkilatının birgə tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-dəki büstü önünə gül dəstələri qoyaraq, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açaraq Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Görkəmli dövlət xadimi xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib.
“Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndər tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə və qətiyyətlə həyata keçirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımız erməni işğalından azad edildi, tarixi Zəfər qazanıldı”, - deyə Bəxtiyar Nəbiyev vurğulayıb.
Sonra Heydər Əliyevin şərəfli ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın intibahının Ulu Öndərin hakimiyyətə gəlişi ilə başladığını bildirib. Vurğulayıb ki, görkəmli dövlət xadiminin hakimiyyəti illərində ölkəmizdə iqtisadiyyat, sosial sahə, sənayeləşmə, aqrar sahə, elm, təhsil, mədəniyyət və digər sahələr özünün yüksək inkişaf səviyyəsinə çatıb, Azərbaycan keçmiş Sovet İttifaqında ən inkişaf etmiş respublikalardan birinə çevrilib.
Akademik qeyd edib ki, Heydər Əliyevin elm və təhsilimizin inkişafına göstərdiyi xüsusi dəstək, ana dilimizin təkmilləşdirilməsi istiqamətində atdığı əhəmiyyətli addımlar Ulu Öndərin ölkəsinə sadiq, milli ruhlu lider olduğunu bir daha nümayiş etdirir.
İ.Həbibbəyli Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə beş yeni ali təhsil ocağının yaradıldığını, bir sıra elmi məktəblərin təməlinin qoyulduğunu qeyd edib, Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının inkişafına dəstək verdiyini diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı, professor Anar İsgəndərov və YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov çıxış edərək Ulu Öndərin hələ sovet dövründə Azərbaycan müstəqilliyinin əsaslarını qurduğunu, Heydər Əliyevin şəxsiyyəti, siyasi fəaliyyəti və tarixi siyasət məktəbinin Azərbaycanın ictimai-milli şüurunda əvəzsiz rol oynadığını qeyd ediblər.
Çıxış edənlər Ulu Öndərin qətiyyət və prinsipiallığı, hərtərəfli hazırlığı, dərin biliyi, geniş siyasi və mədəni dünyagörüşü olan rəhbər kimi uzaqgörən qərarları ilə xalq arasında böyük hörmət qazandığını, dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində tarixi varislik kontekstində azərbaycançılıq ideologiyasını irəli sürdüyünü vurğulayıblar.
AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov, Maliyyə və mühasibat şöbəsinin müdiri İlqar Quliyev, AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi Arzu Məmmədxanlı, Sənədlərlə iş və protokol şöbəsinin müdiri Əsmər Əliyeva, Elm və təhsil şöbəsinin müdir müavini Vüsal Zülfüqarov və həmin şöbənin baş mütəxəssisi Aynur Günəşli “Heydər Əliyev İli” ilə əlaqədar partiyada ictimai-siyasi fəaliyyətlərinə görə YAP Yasamal rayon təşkilatının Fəxri fərmanları ilə təltif olunublar.

Tehsil-press.az


Oxşar xəbərlər