ADNSU-da IELTS imtahanında uğurlu nəticə göstərən tələbələrə sertifikatlar verilib

ADNSU-da IELTS imtahanında uğurlu nəticə göstərən tələbələrə sertifikatlar verilib Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişafı Fondu tərəfindən icra edilən layihə çərçivəsində IELTS imtahanlarını uğurla başa vuran Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə sertifikatlar təqdim olunub.
Təqdimetmə mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov layihədə universitetin 53 tələbəsinin uğurlu nəticə göstərdiyini diqqətə çatdırıb. Təhsildə tələbat olan sahələr üzrə gənclərin biliklərinin artırılması üçün atılan addımları dəstəklədiyini qeyd edən V.Əskərov IELTS imtahanına təşviqlə bağlı layihənin tələbələr üçün mühüm önəm daşıdığını söyləyib.
Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov müvafiq layihələr haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, layihədə iştirak edən 7 universitet arasından ən yüksək nəticəni ADNSU tələbəsi qazanıb.
Sonra IELTS imtahanında uğurlu nəticə göstərən tələbələrə sertifikatlar verilib.
Təhsilin İnkişafı Fondunun universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılıb.
Layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.
Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb.

Tehsil-press.az



Oxşar xəbərlər