BDU-da “Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

BDU-da “Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Effektiv Təşəbbüslər Mərkəzi” Demokratik Dəyərlərin Öyrənilməsi və Təbliği İctimai Birliyi tərəfindən “Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən bu layihənin əsas məqsədi Başlıbel qətliamı ilə bağlı həqiqətlərin öyrənilməsinə, Azərbaycanın haqq səsinin geniş auditoriyalarda təbliğinə təkan vermək, gənclərin vətənpərvər ruhda tərbiyəsinə ictimai dəstəyi artırmaqdır.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov əsrlərlə davam edən erməni vandalizmi barədə məlumat verib, xalqımıza qarşı törədilmiş soyqırımların dərindən araşdırılmasının və gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, 1905-1906-cı illərdə 12 mindən, 1918-1920-ci illərdə 50 mindən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. Ermənilərin apardığı soyqırımı siyasəti ötən əsrin sonlarında da öz dəhşəti ilə davam edib, Xocalı, Başlıbel, Ağdaban, Ballıqaya kimi qətliamlar törədilib.
Layihənin rəhbəri, araşdırmaçı-jurnalist, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov bildirib ki, Ermənistan silahlı qüvvələri I Qarabağ müharibəsi dövründə mülki əhalini hədəf seçərək çoxlu sayda kütləvi qətliamlar törədib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı 14 dinc sakinin girov götürülməsi, 18 nəfərin qətlə yetirilməsi ilə nəticələnən Başlıbel faciəsi də bu qəbildəndir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb, Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.
Başlıbel soyqırımının şahidləri Arif Süleymanov, İsmət Əzizov, Səlim Mehdiyev erməni vandalizminə dair faktları diqqətə çatdırıblar.
Sonra Başlıbel soyqırımına həsr olunmuş videoçarx izlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər