Professor: ADA-nın ev sahibliyi etdiyi AICT 2023 IKT sahəsində fikir mübadiləsi aparması üçün əla fürsətdir

Professor: ADA-nın ev sahibliyi etdiyi AICT 2023 IKT sahəsində fikir mübadiləsi aparması üçün əla fürsətdir “ADA-nın ev sahibliyi etdiyi AICT2023 (İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 17-ci IEEE Beynəlxalq Konfransı) fikir mübadiləsi aparmaq, həmkarlarla görüşmək və bu sahədə çalışan insanlarla ünsiyyət qurmaq üçün əla fürsətdir. Həqiqətən də bu tədbir olduqca gözəl bir fürsətdir”.
Bu sözləri tədbirdə “Böyük dil modellərinin qaranlıq tərəfi” (LLM) adlı təqdimatla çıxış edən “Politecnico di Torino”nun Nəzarət və kompüter mühəndisliyi departamentinin professoru Luka Kaliero qeyd edib.
ADA Universiteti ilə Politecnico di Torino arasında əməkdaşlığın perspektivlərindən bəhs edən professor bildirib: “Biz bu tədbirdə PhD (doktorantura) komandamızla iştirak etdik. Politecnico di Torino olaraq bizim artıq Avropanın və digər qitələrin bir sıra ölkələri ilə birgə proqramlarımız var. Biz ADA Universiteti ilə magistr tələbə proqramları ilə bağlı tərəfdaşlıq əlaqələrini müzakirə edir və əməkdaşlıq layihələri qurmağa çalışırıq. Ola bilsin ki, tərəflər razılıq əldə edərsə, hətta doktorantlar və gənc tədqiqatçılar üçün proqrama başlaya bilərik”.
Mütəxəssislər üçün gələcək çağırışlar və LLM-lərin mənfi cəhətlərinə diqqət çəkən italyan professor deyib: “Bu sistemlər böyük imkanlar yaradır. LLM-lər həqiqətən də çox əhəmiyyətli mexanizmdir. Bununla belə, şirkətlər Böyük Dil Modellərindən (LLM) sui-istifadə edə bilər. Onlar insanları bəzi “chatbotlar”la əvəz etməyə cəhd edə və o mexanizmlər vasitəsilə data toplaya bilərlər. Bununla belə, sonda, bir növ avtomatlaşdırılmış prosesdən sonra hər hansı bir məlumat insan tərəfindən oflayn rejimində yoxlanılmalıdır. Deməli, insanları süni intellektlə əvəz etmək mümkün deyil, lakin sistem mütəxəssislər üçün etibarlı qadcet və ya alət kimi xidmət göstərə bilər”.
Luka Kaliero qeyd edib ki, süni intellektin gələcəkdə iş yerlərindəki insanları əvəz etməsi ilə əlaqəli mediada davamlı qorxu yaratmaq səyləri marketinq strategiyası ola bilər.

Tehsil-press.az



Oxşar xəbərlər