Milli Müdafiə Universitetinin nümayəndələri BDU tələbələri ilə görüşüblər

Milli Müdafiə Universitetinin nümayəndələri BDU tələbələri ilə görüşüblər Bakı Dövlət Universitetində (BDU) Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nümayəndələrinin tələbələrlə görüşü olub.
Tədbirdə çıxış edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, son 3 ildə Azərbaycan xalqı və dövləti tarixi günlər yaşayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi zamanı tarixi Zəfərə imza atıb, torpaqlarımız işğaldan azad olunub, 30 illik həsrətə son qoyulub. Bu möhtəşəm Qələbə sonrakı zəfərlərə yol açıb. Bu il sentyabrın 19-da 24 saatadək davam edən antiterror tədbirləri nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlıları təslim olub, suverenliyimiz tam təmin olunub. Oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində üçrəngli bayrağımızı qaldırmaqla tariximizin ən şanlı səhifələrini yazıb.
Ə.Ağamirzəyev qazandığımız qələbələr üçün Müzəffər Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə borclu olduğumuzu və xalqımızın onlarla fəxr etdiyini qeyd edib.
Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov bildirib ki, görüşün əsas məqsədi tələbələri Azərbaycan Ordusunda həyata keçirilən yeniliklər, Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı ali məktəblərin fəaliyyəti ilə tanış etmək, gələcəkdə karyerasını zabit kimi davam etdirmək istəyən gənclərə dəstək olmaqdır. O, məzunlar üçün xidmət növləri, imtiyazlar, Müdafiə Nazirliyi sisteminə daxil olan xüsusi təyinatlı ali məktəblərdəki ixtisaslar, müraciət qaydaları barədə ətraflı məlumat verib.
Vətən Müharibəsi Qəhrəmanı, Hadrutun alınmasına rəhbərlik edən hərbçilərimizdən biri, polkovnik Nizami Mövlanov tələbələri döyüş yolu ilə tanış edib. O, zabit olmaq istəyən gənclər üçün yaradılan şəraitdən danışıb, hərbçi olmağın şərəfli, qürurlu bir vəzifə olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan Ordusundakı qoşun növləri haqqında videoçarx nümayiş etdirilib.
Tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər