BDU-da “Füzuli Şəhəri Günü” qeyd edilib

BDU-da “Füzuli Şəhəri Günü” qeyd edilib Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “BDU könüllüləri” və Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə 17 Oktyabr – “Füzuli Şəhəri Günü” münasibətilə tədbir keçirilib.
Professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirin moderatoru – Qarabağ müharibəsi veteranı, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamının əhəmiyyətindən danışıb: “2020-ci il oktyabrın 17-də xüsusi strateji əhəmiyyətə malik olan Füzuli şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində inamlı qələbəmizə gedən yolumuzu aydınlatdı, xalqımızda yüksək əhvali-ruhiyyə, gələcəyə böyük inam yaratdı, tarixi Zəfərimizi daha da yaxınlaşdırdı”.
Sonra Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov, Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov çıxış ediblər. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən parlaq səhifəsidir.
Çıxış edənlər Qarabağda aparılan son antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyinin tam bərpa olunmasının, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaltmasının sonsuz qürurunu yaşadığımız günlərdə “Füzuli Şəhəri Günü”nün qeyd edilməsinin xüsusilə böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Tədbir fakültə tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər