Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən “Vikipediya”da 80-dən çox məqalə yaradılıb

Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən “Vikipediya”da 80-dən çox məqalə yaradılıb AMEA-nın elmi müəssisə və təşkilatlarının viki mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsində, onların qorunması və inkişafında fəal iştirakının təmin olunması məqsədilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” layihələri üzrə zəruri biliklərin əldə olunmasına dair təlimlər keçirilib, akademiyanın institutlarının əməkdaşları bu təlimlərə cəlb olunub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı da bu təlimlərdə iştirak edib və institutun təlimi yüksək səviyyədə başa çatdıran 6 nəfərdən ibarət “Vikipediya” komandası formalaşıb.
Bu komanda hazırda “Vikipediya”da ədəbiyyat, ədəbiyyatşünaslıqla bağlı məqalələrin yerləşdirilməsi istiqamətində səylə çalışır. Mart ayından bu günədək komanda tərəfindən “Vikipediya”da zəngin istinadlara malik 80-dən çox azərbaycandilli məqalə yaradılıb. Komanda Azərbaycan dilində fəaliyyət göstərən “Vikipediya” platformasında Azərbaycan ədəbiyyatı ilə bağlı tam redaktə olunmamış məqalələrin redaktəsinin həyata keçirilməsi və onların zənginləşdirilməsi, institutun “Vikipediya”dakı səhifəsinin təkmilləşdirilməsi, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm”, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnallarının səhifələrinin yaradılması, eləcə də institutda çap olunan ensiklopedik xarakterli nəşrlər haqqında məqalələrin yerləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.
“Vikipediya” komandası, həmçinin görkəmli Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarın irsi, əsərləri ilə bağlı ayrı-ayrı məqalələrin yaradılması, eləcə də dünya və uşaq ədəbiyyatı nümunələri, İraq-Türkman ədəbiyyatı, folkloru, türkmən şairi Məhtimqulu Fəraqinin ilk dəfə Bakıda tapılmış Divanı ilə bağlı məqalənin hazırlanması işlərini həyata keçirib. Qeyd etmək yerinə düşər ki, “Vikipediya”ya yerləşdirilən bu məqalələrlə bağlı İraq-Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən “Kərkük” qəzetində də məqalə dərc olunub. Bundan başqa, komanda Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı “Vikipediya”da yaradılmış səhifələrdəki yol verilmiş təhriflərin aradan qaldırılması istiqamətində səylə çalışıb. Belə ki, fars şairi və yazıçıları kimi təqdim olunmuş Azərbaycan şair və yazıçılarının səhifələrini yeni mənbə-istinadlarla zənginləşdirməklə bu təhriflərin aradan qaldırılmasına nail olublar. Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı səhifələr üzərində işlərin davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ədəbiyyat İnstitutunun komandasının növbəti mərhələdə əsas hədəfi ölkə ədəbiyyatı ilə bağlı “Vikipediya”da yaradılmış məqalələrin təkcə Azərbaycan dilinə deyil, rus və ingilis dillərinə də tərcüməsini həyata keçirməkdən ibarətdir.

Tehsil-press.az



Oxşar xəbərlər