Bir sıra ali məktəblərdə “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq

Bir sıra ali məktəblərdə “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq Bir sıra ali məktəblərdə “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq.
Bu barədə Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Mərkəzlərdə “Vikipediya”da Azərbaycan bölməsində olan yeni məqalələrin yaradılması və zənginləşdirilməsi əsas prioritet təşkil edəcək. Bu, həmçinin müxtəlif sahələrdə boşluqların aradan qaldırılmasında böyük rol oynayacaq. Bir sıra ali məktəblərin rəhbərləri bu cür mərkəzlərin yaradılmasını dəstəkləyir. Burada əsas məqsəd könüllülərin “Vikipediya”ya töhfə vermələrini stimullaşdırmaqdır. Nəinki Azərbaycanca “Vikipediya”da, gələcəkdə xaricidilli “Vikipediya”da da fəallığın artacağı gözlənilir. Əvvəllər də MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən xarici dillərdəki “Vikipediya”da yüzlərlə məqalə yaradılıb. Bu gün həmin fəaliyyət davam edir. Qarşıda Azərbaycanın tarixi, mədəniyyəti, qədim abidələri, görkəmli şəxsiyyətləri haqqında müxtəlif dillərdə məqalələr yaradılması sürətlənəcək”, - deyə Elnur Eltürk qeyd edib.
O bildirib ki, “Vikipediya”nın Azərbaycan bölməsində məqalələrin sayı 151 mini keçib. “Vikipediya”da Azərbaycan bölməsi 306 dil qrupu arasında 50-ci yerdə qərarlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər