İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən qrant layihələrinin icra vəziyyəti müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən qrant layihələrinin icra vəziyyəti müzakirə olunub İnformasiya Texnologiyaları İnstitutunda Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” və “Neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiberfiziki təhlükəsizliyi məsələləri” qrant layihələri çərçivəsində aparılan tədqiqatların hesabatına həsr olunmuş seminar keçirilib.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bu qurumun əsas fəaliyyət istiqamətlərindən biri olan qrant layihələrinin əhəmiyyətindən danışıb. Baş direktor elmi fəaliyyətin səmərəliliyinin artırılması, institut əməkdaşlarının əməyinin stimullaşdırılması, eləcə də əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından ölkə və beynəlxalq səviyyəli qrant layihələrində fəal iştirakın son dərəcə vacib olduğunu bildirib.
Alim qeyd edib ki, toplantının əsas məqsədi qrant layihələri üzrə görülmüş işlərin monitorinqini aparmaq, elmi nəticələri qiymətləndirmək və yeni vəzifələri müəyyənləşdirməkdir.
Sonra institut əməkdaşları müvafiq qrant layihələri çərçivəsində əldə olunmuş nəticələrə dair hesabatlarını təqdim ediblər. Hər bir layihə icraçısı qarşısına qoyulan məsələ, çap olunmuş məqalə və tezislər, eləcə də gələcək tədqiqatlar barədə ətraflı məlumat verib.
Hesabatlarla bağlı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Akademik Rasim Əliquliyev müasir dövrdə e-demoqrafiya və kibertəhlükəsizlik məsələlərinin böyük aktuallıq kəsb etdiyini, bu elmi problemlərin müxtəlif aspektlərinə həsr olunmuş tədqiqatların dərinləşdirilməsinin, əldə olunan nəticələrin nüfuzlu, yüksək istinad indeksli jurnallarda çap olunmasının vacibliyini vurğulayıb.
Alim qeyd olunan qrant layihələri çərçivəsində e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitekturunun işlənilməsi, cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi, intellektual bulud sistemlərinin kibertəhlükəsizlik və kiberdayanıqlılıq məsələləri, kiberfiziki sistemlərin kritikliyinin qiymətləndirilməsi və digər aktual problemlərlə bağlı tədqiqatların aparılmasının müvafiq sahədə elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, araşdırmaların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

Tehsil-press.az



Oxşar xəbərlər