Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? - RƏYLƏR

Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? - RƏYLƏR Müasir dövrdə həyat və fəaliyyətimizin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Hər zaman bütün sahələrdə peşəkar mütəxəssislərə ehtiyac duyulur. Ekspertlər bildirir ki, bu gün özünü peşəkar psixoloq kimi təqdim edən, psixoloqun etik kodeksindən xəbəri olmayan, ali təhsil almayan psixoloqlar da çoxdur. Bəs ali təhsil almadan psixoloq işləmək doğrudurmu? Peşəkar psixoloq necə olmalıdır? Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? Mütəxəssislər bu və ya digər suallara aydınlıq gətiriblər.
Psixoloq işləmək üçün ali təhsilin olması vacibdir
Psixoloq ilk növbədə ali təhsilli, fundamental biliklərə malik olmalıdır. Bunun üçün o, mütləq psixologiya üzrə baza təhsili almalıdır. Peşəkar psixoloq həm nəzəri, həm praktik biliklərə malik olmalıdır. Belə mütəxəssislər psixoloji problemi olan insanlara fərdi yanaşaraq hərtərəfli yardım göstərə bilər.
Bu fikirləri Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının professoru, psixologiya elmləri doktoru Elnarə Şəfiyeva söyləyib. O bildirib ki, ümumiyyətlə, psixologiya üzrə təhsili olmayan şəxslərin psixoloq kimi fəaliyyət göstərməsi yolverilməzdir: “Mütəxəssis elmi-nəzəri, praktik-psixoloji biliklərlə sahib olmaqla yanaşı, istənilən psixoterapiya, psixokorreksiya, bərpaedici təlim zamanı müştəri ilə psixoloqun düzgün fəaliyyətini şərtləndirən etik kodeksə uyğun davranmalıdır”.
Ali təhsilin vacibliyini qeyd edən professor deyib ki, BDU-da psixologiya ixtisası üzrə bakalavr təhsili alan tələbələr elmi dərindən öyrənərək, onun həm nəzəri problemləri, həm də tətbiqi sahələrilə tanış olur: “Burada onlara ümumi psixologiya, etnik, sosial, siyasi, klinik psixologiya, hüquq, yaş və inkişaf psixologiyası, psixodiaqnostika, psixokorreksiya və s. kimi fənlər tədris olunur. Təcrübə dövrü isə tələbələr nəzəri biliklərini praktikada tətbiq edirlər. Əlbəttə, müasir cəmiyyətin tələbləri, insanlarda daha çox rast gəlinən psixoloji problem və xəstəliklər daima yeni yanaşmaları, yeni yardım və bərpa üsullarını tələb edir. Ona görə də tədris, təlim və praktik-psixoloji işdə boşluqlar, həllini gözləyən məsələlər də mövcuddur. Tələbələr dörd ildə psixoloji biliklər sistemini mənimsəyərək baza təhsilinə yiyələnmiş olurlar”.
Peşəkar psixoloq: ali təhsil, elmi dərəcə, təcrübə, ixtisasartırma kursu
Onun sözlərinə görə, peşəkar psixoloq olmaq üçün ali təhsillə yanaşı müntəzəm olaraq ixtisasartırma kursu, təcrübə keçmək, bu sahədə olan yeni tədqiqatlarla, terapiya və korreksiya metodları ilə tanış olmaq, treninq və elmi seminarlarda iştirak etmək vacibdir. Bu cür treninq və seminarlar ancaq psixoloq ixtisası olan və psixoloji biliklər sisteminə malik olan şəxslər üçün faydalı ola bilər: “Sirr deyil ki, hazırda bəziləri müəyyən kurs, təlim keçib, sertifikatlar alaraq özlərini “psixoloq” adlandırırlar və biznes quraraq, pul qazanmaq məqsədilə psixoloji mərkəzlər açaraq qeyri-peşəkar tərzdə, etik qaydalara riayət etmədən, vicdan əzabı çəkmədən insanlara yardım yox, ziyan verirlər. Bir neçə aylıq kurs və təlimlər keçməklə peşəkar psixoloq kimi insanların psixoloji durumunu köklü yaxşılaşdırmaq, müəyyən psixi proses, şəxsiyyət, sosial-psixoloji və s. problemlərini aradan qaldırmaq mümkün deyil. Ona görə də həmin “psixoloqlar”ın göstərdikləri yardımlar da birtərəflidir, uzunmüddətli deyil. Yəni, bu şəxslərin “terapiyası” sağalma prosesinə deyil, müvəqqəti yaxşılaşma kimi özünü göstərir. Belə “mütəxəssislər” problemin əsl kökünü, səbəbini araşdıra bilmir və diaqnostika əsasında terapiyanı təmin edib düzgün proqnoz verə bilmirlər”.
Anatomiyanı bilməyən şəxs klinik psixoloq işləyə bilməz
Professor son dövrlər bir çox şəxslərin klinik psixoloq kimi fəaliyyət göstərmək istədiyini bildirib. O, hətta psixologiya fakültəsində oxuyan, bakalavr təhsili alan tələbələrin də daha sonra klinik psixologiya üzrə təhsillərini davam etdirmək istədiklərinin vurğulayıb: “Bunun səbəbini onlar bu sahədə maddi imkanların çox olması ilə əlaqələndirirlər. Hətta digər peşə sahibləri də psixologiya üzrə magistratura təhsili alıb klinik psixoloq kimi fəaliyyət göstərmək, müəyyən mərkəzlər açmaq istəyir. Ancaq ixtisasçı olmayan, klinik psixologiya üzrə ixtisaslaşma keçməyənlər klinik psixoloq kimi fəaliyyət göstərə bilməz”.
O qeyd edib ki, hazırda əksər həm təhsilli psixoloqlar, həm də təhsilsiz “psixoloqlar”ın çoxu özünü klinik psixoloq kimi təqdim etməyə çalışırlar:
“KİV və sosial şəbəkələrdə klinik psixoloq kimi özünü reklam edərək pasiyent və müştəri yığanlar artmaqdadır. Ona görə də özlərini psixoloq, klinik psixoloq kimi təqdim edənləri efirlərə dəvət edəndə və ictimailəşdirəndə də mütləq onların ali psixoloji təhsilli olması, sənədləri və ixtisaslaşması dəqiq yoxlanılmalıdır. Bunun üçün BDU-nun nəzdində xüsusi komissiyanın yaradılmasını və həmin insanların komissiyadan keçməsini təklif edirəm. Bu halda biz cəmiyyətimizə yaxşı, peşəkar kadrları təqdim edə bilərik. Əgər psixologiya mərkəzlərində əsl mütəxəssis görmək istəyiriksə mütləq onlar komissiyadan keçdikdən sonra lisenziya almalıdırlar. Bununla da insanlara, cəmiyyətimizə peşəkar psixoloqları təqdim edə bilərik”.
E.Şəfiyeva klinik psixoloq kimi yetişmək üçün magistratura və doktorantura təhsilinin, məqsədyönlü elmi tədqiqatların aparılmasının önəmini qeyd edib:
“Ancaq bu halda onlar daha düzgün yanaşmanı və daha yaxşı terapiya və korreksiya nəticələrini əldə etmiş olurlar. Klinik psixoloq mütləq insan anatomiyasını və fiziologiyasını, ali sinir fəaliyyətinin fiziologiyasını, nevrologiyanı, psixiatriyanı, psixofarmokologiyanı bilməlidir. Bu halda onun elmi-praktik fəaliyyəti uğurlu olar və klinik psixoloq kimi sosial statuslu və arzuolunan mütəxəssis ola bilər”.
Yaxşı mütəxəssis kimdir?
“Müasir dövrdə cəmiyyətimizin ali təhsilli, peşəkar psixoloqlara ehtiyacı çoxdur. Amma təəssüf ki, bu gün onların sayı azdır”,- deyə professor bildirib. Onun sözlərinə görə, peşəkar psixoloq təhsili, təcrübəli, davranışı və fəaliyyəti, apardığı terapiya, korreksiya və treninqləri müasir metodlarla olmalıdır. İnsanlar psixoloq seçərkən çox diqqətli olmalı, həmin şəxsin ali təhsilli olmasına və iş təcrübəsinə mütləq diqqət yetirməlidirlər. Həmsöhbətimiz bunun üçün maarifləndirmənin daha çox yaxşı psixoloq modeli üzərindən təqdim edilməsinin vacibliyini vurğulayıb.
O, psixoloq hazırlayan tədris müəssisələrində fəaliyyət göstərən kadrların da bilik səviyyəsinin artırılmasının önəmini qeyd edərək, onların müntəzəm olaraq ixtisasartırma kurslarına cəlb olunmasının vacibliyini vurğulayıb.
Qanunsuz psixoloji yardım göstərən şəxslər məsuliyyət daşıyırlar
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev AZƏRTAC-a bildirib ki, 2018-ci il 7 dekabr tarixli “Psixoloji yardım haqqında” Qanuna əsasən, psixoloq dedikdə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən, psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” Qanuna uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxs başa düşülür. Qanunun 10-cu maddəsinə görə Azərbaycanda psixoloji yardım iki qrup şəxs - psixoloqlar və klinik psixoloqlar tərəfindən həyata keçirilir
Hüquqşünas bildirib ki, Qanunun tələblərini pozan şəxslər müəyyən məsuliyyət daşıyırlar. “Psixoloji yardım haqqında” Qanunun tələblərinin pozulmasına görə Qanunun 21-ci maddəsində göstərildiyi kimi şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 215-1-ci maddəsinə (Psixoloji yardım haqqında qanunvericiliyin pozulması) əsasən psixoloqlar psixoloji yardım göstərilməsi zamanı dərman preparatlarını təyin, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edə bilməzlər. Bu vəzifənin pozulması hallarında onlar cərimə növündə inzibati məsuliyyət daşıyırlar. Baş vermiş nəticəyə uyğun olaraq əməl cinayət qanunvericiliyinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” bölməsinin təsiri altına düşdüyü təqdirdə cinayət məsuliyyəti yaradır.

Tehsil-press.az




Oxşar xəbərlər