Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi olması üçün bütün zəruri addımları atdı

Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi olması üçün bütün zəruri addımları atdı Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində böyük iz qoyub. Ulu Öndərin ömür yolu, zəngin dövlətçilik təcrübəsi tədqiq olunur, öyrənilir və gələcəkdə də tədqiq olunacaq. Orta və ali məktəblərimizdə Heydər Əliyevin müstəsna tarixi xidmətləri şagird və tələbələrin daim diqqətinə çatdırılmalıdır. Bu gün biz Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışırıq ki, gənclərə Heydər Əliyevin zəngin irsi haqqında geniş məlumat verək. Fakültənin magistraturasında Heydər Əliyevin Azərbaycan tarixində rolu ilə bağlı yeni fənn də tədris edilir. Tələbələr Ulu Öndərin irsinə çox böyük diqqət və maraq göstərirlər. Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.
Bu fikirləri tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayev söyləyib. A.Rzayev bildirib ki, Heydər Əliyev bütün həyat və fəaliyyətini doğma Vətənə və xalqa həsr edib. Xalqımızın taleyində, xoşbəxtliyində Ulu Öndərin rolu əvəzsizdir.
“1988-1992-ci illərdə Azərbaycan parçalanmaq, dağılmaq təhlükəsi ilə üzləşmişdi. Həmin çətin məqamda xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. 1993-cü ildə xalqın istəyi və tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz düçar olduğu təhlükədən sovuşdu. Azərbaycan böyük inkişaf yoluna çıxdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması, yeni islahatların həyata keçirilməsi, ordu quruculuğu, beynəlxalq əlaqələrin qurulması ölkəmizin inkişafı üçün geniş imkanlar yaratdı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, əbədi olması üçün bütün zəruri addımları atdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. 44 günlük Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfər Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətin və onların müstəsna tarixi xidmətlərinin nəticəsidir.
Xalqımız xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri, İlham Əliyev kimi Prezidenti var”, - deyə A.Rzayev fikrini yekunlaşdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər