Azərbaycanda qazanılan bütün uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub

Azərbaycanda qazanılan bütün uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Ulu Öndərin universitetdə büstü önünə gül dəstələri qoyulub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb.
BDU TV-nin Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar hazırladığı videoçarx nümayiş olunub.
Sonra BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müstəsna tarixi xidmətlərindən, zəngin siyasi irsinin əhəmiyyətindən danışıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi illəri kimi tariximizə qızıl hərflərlə yazılıb. Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycanın həyatında həlledici bir mərhələnin, inkişafın başlanğıcı qoyulub. Ölkəmizdə qazanılan bütün uğurların təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
1988-1992-ci illərdə respublikamız parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Həmin ağır günlərdə xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın düçar olduğu təhlükə sovuşdu. Ölkəmiz böyük inkişaf yoluna çıxdı.
Ə.Ağamirzəyev diqqətə çatdırıb ki, bu gün Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı biz böyük Zəfər qazandıq. Torpaqlarımız işğaldan azad olundu. Böyük Qələbə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsidir.
Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Kamilə Əliyeva, Milli Məclisin deputatı Aydın Mirzəzadə, BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov, Əmək hüququ kafedrasının müdiri professor Alış Qasımov çıxışlarında Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Azərbaycanın inkişafı üçün həyata keçirdiyi islahatların əhəmiyyətindən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində misilsiz xidmətlərindən bəhs ediblər.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını, fəaliyyətini Azərbaycan xalqının xoşbəxtliyinə həsr edib.

Tehsil-press.az



Oxşar xəbərlər