ADU-da tələbə “Bir günlük xəlifə” layihəsi çərçivəsində rektoru əvəz etdi

ADU-da tələbə “Bir günlük xəlifə” layihəsi çərçivəsində rektoru əvəz etdi Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar. İlk olaraq xəlifələr Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.
Xəlifə-rektor Nicat Quluzadə müvafiq vəzifələrə xəlifə seçilmiş tələbələrlə ümumi iclas keçirib, qarşıda duran işlərlə bağlı müzakirələr aparıb, tapşırıqlar verib. Bildirilib ki, 2023-cü ildə həyata keçirilən "Bir günlük xəlifə" layihəsi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Bu, Azərbaycan Dillər Universitetinin Ulu Öndərin əziz və unudulmaz xatirəsinə olan töhfəsidir.
Layihə çərçivəsində bir sıra ölkələrin səfirləri ADU-nun qonağı olublar. Əvvəlcə xəlifə-rektor Nicat Quluzadə Pakistanın ölkəmizdəki səfirinin birinci müavini Moazzam Ali Sahito ilə görüşüb. Diplomat ADU-nun “Bir günlük xəlifə” layihəsini yüksək qiymətləndirib. Görüşdə, eyni zamanda, ADU-nun Pakistan dil və mədəniyyət mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. "Qələbəyə aparan yol" inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Daha sonra Nicat Quluzadə və beynəlxalq əlaqələr üzrə prorektor Əli Rzayev Braziliya Federativ Respublikasının ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb. Səfir “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, bu, ADU-nun rektoru, akademik Kamal Abdullanın tələbələrin idarəetmə istiqamətində təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistrant və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Nicat Quluzadə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışdıqlarını bildirib. Görüşdə ADU və səfirlik arasında olan əməkdaşlıq yüksək qiymətlədirilib.
Sonra Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüş keçirilib.
Görüşdə ərəb dilinə olan maraq haqqında danışılıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində mühüm addımlar atılıb. Mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni imkanlar yaranacaq. Səfir “Bir günlük xəlifə” layihəsinin tələbələrinin həyatındakı yerini yüksək dəyərləndirib. Məhəmməd Əl Bluşi qeyd edib ki, "Bir günlük xəlifə" layihəsinin icrası tələbələr üçün böyük şansdır. Tələbələrə yaradılan şərait yüksək qiymətə malikdir. Bu gün idarəetməni gənclər həyata keçirir, gənclərə yüksək etimad göstərilir, məsul vəzifələr onlara həvalə olunur.
Daha sonra xəlifə-rektor Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin direktoru Aqşin Bağırov və liseydə təhsil alan şagirdlərlə görüşüb. Təhsil kompleksi və Azərbaycan Dillər Universitet arasında olan əməkdaşlığın yüksələn xətlə inkişafı etdiyi vurğulanıb. ADU ilə Biləsuvar Təhsil Kompleksi arasında imzalanan anlaşma memorandumu çərçivəsində bir sıra vacib addımlar atılıb, tədbirlər təşkil olunub. Aqşin Bağırov akademik Kamal Abdullanın ideya müəllifi olduğu və təşəbbüsü ilə keçirilən “Bir günlük xəlifə” layihəsinin tələbələrin həyatında unudulmaz xatirəyə çevriləcəyini, onların idarəçilik bacarıqlarını formalaşdıracağını deyib.
Xəlifə-rektor və prorektorlar Çeçenistanın Dövlət Pedaqoji Universitetinin rəhbərliyi ilə onlayn konfrans təşkil edib. Konfransda layihə haqqında geniş məlumat verilib, iki təhsil ocağının təhsil və elm sahəsində vacib işlərə imza atdığı diqqətə çatdırılıb. Bildirilib ki, Çeçenistan Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində isə Çeçenistan Dövlət Pedaqoji Universitetinin “Açıq Təhsil Mərkəzi”nin açılışı olub.
Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə xəlifə-rektor Nicat Quluzadə, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Aydan Əhmədzadə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında danışıb, onun gənclərə olan böyük qayğısından bəhs olunub. Çıxışlarda Ulu Öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının prioritet sahə kimi mühüm yer tutması qeyd edilib.
“Bir günlük xəlifə” layihəsinin əsas məqsədlərindən biri tələbələrə ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır. Bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayacaq.

Tehsil-press.az



Oxşar xəbərlər