Daimi əhalisi olan, dünyanın ən soyuq məntəqəsi - Oymyakon

Daimi əhalisi olan, dünyanın ən soyuq məntəqəsi - Oymyakon Oymyakon Rusiya Federasiyası tərkibində mövcud olan Saxa-Yakutiya Respublikasının paytaxtı Yakutskdan 1567 kilometr məsafədə yerləşir. Əhalisi 500 nəfərə yaxındır (əsasən yakutlardan təşkil olunub).
Indiyə qədər qeydə alınan ən soyuq temperatur mənfi 71,2 dərəcə selsi olub.
Şəhərin adının mənası evenk dilində “donmayan su” anlamına gəlir. Reallıqdan uzaq görünsə də bu ad Oymyakonda yerləşən termal sularla əlaqədardır. Donmuş yer səthinin qeyri-sabitliyini nəzərə alaraq yaşayış yerləri dayaqlar üzərində tikilir. Çox soyuq temperatur səbəbindən insanlar üst-üstə geyimlərdən istifadə etdiyinə görə öz ölçülərindən iki dəfə böyük görsənirlər. İnsanların qidalanmasında balıq, maral, at əti və maral südü üstünlük təşkil edir. Bəzən donmuş əti çiy şəkildə də yeyirlər. Oymyakonda yalnız bir məktəb fəaliyyət göstərir. Temperatur mənfi 52 dərəcə selsidən aşağı düşərsə, məktəb bağlanır. Sakinlər qış aylarında Günəş işığını cəmi 2-3 saat gördükləri halda, yayda bu müddət 21 saata qədər uzana bilir. Buna səbəb məntəqənin şimal qütb dairəsinə yaxın yerləşməsidir (66.5 dərəcə şimal enliyi).
İnsanlar əsasən xəz ticarəti, balıqçılıq və maralçılıqla məşğul olur. Burada aşağı temperatur səbəbindən mobil telefon xidməti mövcud deyil. Avtomobillər qızıdırılmış qarajlarda saxlanılmayacaqsa, daim işlək vəziyyətdə olmalıdır. Çünki onu yenidən işə salmaq mümkün olmaya bilər. Dəfn mərasimləri məzar qazılıb qurtarana qədər davam edir (ən azı iki gün). Çünki torpaq donduğu üçün onu isti kömürlə əritmək lazım gəlir. Ərazi qaz, neft, almaz kimi zəngin təbii sərvətlərə malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər