Türkoloq alim Elçin İbrahimovun kitabı Özbəkistanda çap olunub

Türkoloq alim Elçin İbrahimovun kitabı Özbəkistanda çap olunub Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifbası, imlası və ünsiyyət dili” kitabı Özbəkistan Respublikasında çap olunub.
Türkoloqlar, dilçi alimlər, filologiya fakültəsinin bakalavr, magistr və doktorantları üçün nəzərdə tutulan monoqrafiya Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetininin və Nazirlər Kabineti yanında Dövlət Dilini Təkmilləşdirmə Mərkəzinin elmi-metodik şurasının 23 oktyabr 2023-cü il tarixli, 9 saylı qərarı ilə çapa tövsiyə edilib.
Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX yüzilliyin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb. Türklər arasında ortaq ünsiyyət dilinin formalaşdırılması istiqamətində əlifba və orfoqrafiya problemləri elmi-nəzəri aspektdə tədqiq olunub. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, ortaq ünsiyyət dili üçün imla məsələlərinin yenidən aktuallaşması kimi məsələlər öz əksini tapıb. Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndiyi bir vaxtda çap olunan bu araşdırma problemlər və perspektivləri aydın şəkildə ortaya qoyması baxımından son dərəcə əhəmiyyətlidir.
Kitabın elmi redaktoru və ön sözünün müəllifi filologiya elmlər doktoru, professor İnamjan Azimov, tərcüməçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent F.Bobojonovdur.

Tehsil-press.az

Oxşar xəbərlər