BDU-nun hansı ixtisaslarının məzunları daha çox iş tapır... - ARAŞDIRMA

BDU-nun hansı ixtisaslarının məzunları daha çox iş tapır... - ARAŞDIRMA Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2021-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən 10-dan çox universitetin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.

Bundan əvvəl sözügedən reytinq əsasında iki araşdırma təqdim etmişik. Birinci araşdırmada məzunların ixtisaslar üzrə, ikincidə isə universitetlər üzrə iş tapması barədə məlumatlar yer alıb.

Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

Növbəti araşdırmalarda ayrı-ayrı universitetlər üzrə məzunların əmək bazarında yeri barədə məlumatlar təqdim edəcək.

İlk araşdırma Bakı Dövlət Universitetinə (BDU) həsr olunur…

Qeyd edək ki, Bakı Dövlət Universiteti (BDU) Azərbaycanın ən qocaman və ən böyük ali təhsil ocağıdır.

“Məzunların məşğulluq reytinqi”ndə qeyd olunur ki, 2018-2021-ci illərdə universitetdən 10,579 nəfər məzun olub. Ən çox məzunu olan ixtisaslar aşağıdakılardır:

- Hüquqşünaslıq – 750 nəfər

- İnformatika müəllimliyi – 507 nəfər

- Riyaziyyat müəllimliyi – 395 nəfər

- Beynəlxalq münasibətlər – 378 nəfər

- Coğrafiya müəllimliyi – 364 nəfər

- Fizika müəllimliyi – 344 nəfər

- Dünya iqtisadiyyatı – 316 nəfər

- Kompüter elmləri – 307 nəfər

- Biologiya – 287 nəfər

- Coğrafiya – 285 nəfər

Məlumata görə, məzunların 5,785 nəfəri və ya 54.7 faizi işlə təmin olunub. Məzunları arasında ən çox iş tapan ixtisaslardan biri hüquqşünaslıqdır. Belə ki, 2018-2021-ci illər ərzində BDU-nun hüquqşünaslıq ixtisasını bitirən 750 nəfərdən 425 nəfər və 57 faizi işlə təmin olunub. Məzunları daha çox işlə təmin olunan digər ixtisaslar aşağıdakılardır:

- İnformatika müəllimliyi – 304 nəfər (məzunların 60 faizə yaxını)

- Coğrafiya müəllimliyi – 229 nəfər (63 faiz)

- Riyaziyyat müəllimliyi – 209 nəfər (53 faiz)

- Kompüter elmləri – 194 nəfər (63 faiz)

- Dünya iqtisadiyyatı – 181 nəfər (57 faiz)

- Fizika müəllimliyi – 166 nəfər (48 faiz)

- Coğrafiya – 164 nəfər (57 faiz)

- İqtisadiyyat – 163 nəfər (62 faiz)

- Beynəlxalq münasibətlər – 163 nəfər (43 faiz)

BDU məzunlarına ən çox iş verən qurum Bakı Şəhəri üzrə Təhsil İdarəsidir. Belə ki, qeyd olunan müddət ərzində qurum 154 BDU məzununu işlə təmin edib. Məzunların 105-i “Kapital Bank”da, 101-i DOST iş mərkəzində, 97-si Ədliyyə Nazirliyində işə götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər