“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib

“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu elmi-fəlsəfi qaynaqlarda, ədəbi-bədii əsərlərdə yaşayır. Bu kontekstdə tanınmış yazıçı Zaman Qarayevin məşhur “Xarqo” romanı multikultural mühit, çoxmədəniyyətlilik elementləri və dəyərləri ilə zəngin bədii nümunədir. Məhz bu xüsusiyyətlər nəzərə alınaraq aprelin 25-də Azərbaycan Dillər Universitetində Multikulturalizm Mərkəzi və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirildi.

Multikulturalizm Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Loğman Rəşidzadə tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir. Tanınmış yazıçı Zaman Qarayevin son dərəcə təsirli dillə qələmə aldığı məşhur “Xarqo” romanı isə Əhmədiyyə Cəbrayılovun misilsiz həyat və döyüş yolunu yüksək sənətkarlıqla bədiiləşdirir. Təsadüfi deyil ki, roman nəşr olunduğu illərdə və ondan sonrakı onilliklərdə xalq tərəfindən sevilib, əl-əl gəzərək oxucuların stolüstü kitabına çevrilib.
Zaman Qarayevin ədəbi və elmi fəaliyyət yoluna nəzər salan ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva bildirilib ki, yazıçı “Xarqo”, “Əlincə qalası”, “Kürü keçdilər”, “İldırımlı diyar” kimi sanballı romanların, onlarla povestin və yüzlərlə hekayənin müəllifidir. O, həmçinin, yüzdən çox elmi, bədii, ictimai-siyasi kitabın redaktoru olmuş, radio dalğalarda səslənən bir sıra verilişlərin, onlarla səhnələşdirilmiş radiopyeslərin müəllifidir. Zaman Qarayev 1976-cı ildə “Süleyman Rəhimovun povestləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin irsi üzərində ciddi araşdırmalar aparan tanınmış alim-yazıçı Zaman Qarayev Mirzə Fətəlinin indiyədək elmə məlum olmayan “Səfərdə” və “İran şahının Qafqaza səyahəti” povestlərini aşkara çıxarıb.

“Xarqo” romanını multikulturalizm və tolerantlıq prizmasından nəzərdən keçirən Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, professor Əsgər Zeynalov, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, dosent Ülviyyə Rəhimova, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor Ülfət İbrahim məruzələrlə çıxış ediblər. Bildirilib ki, üstündən onilliklər ötməsinə baxmayaraq, “Xarqo” romanında yaşayan multikultural əhval, tolerant durum çoxşaxəli təzahür formaları ilə bu gün də aktuallığını qoruyur. Əsərdə lüzumsuz təfərrüatlara yer verilməməsi, romanın yüksək bədii xüsusiyyətləri, dil və təsvirlərdə yığcamlıq romanın oxunaqlığını təmin edir.

“Xarqo” romanında multikulturalizm mövzusunun geniş şəkildə əks olunduğunu vurğulayan məruzəçilər azərbaycanlı Əhmədiyyə Cəbrayılov, fransız Bessinq və alman Ferdinandın yaxın dostluğunu ümumbəşəri dəyərlərin, multikulturalizmin önəmini artırdığını qeyd ediblər. Romanda milli-mədəni rəngarənglik mühiti fonunda müxtəlif millətlərdən olan insanlar faşizmə qarşı mübarizədə birləşsə də, əsərdə ermənilərin dönüklüyü, ikiüzlü və mənfur xisləti də tutarlı faktlarla qabardılır. Yazıçı romanda partizan hərəkatını təsvir etməklə yanaşı, Fransanın Viktor Hüqo, Onore de Balzak, Emil Zolya kimi dahi şəxsiyyətlərini də unutmur. Əsərdə M.F.Axundzadənin “Misyo Jordan” komediyasının xatırlanması isə Azərbaycan və Fransa mədəniyyətləri arasında əlaqələrin tarixi köklərinə işarə edir.

Tədbirin keçirilməsinə görə təşəkkürünü bildirən əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun övladları - Cavanşir və Almaz Cəbrayılovlar atalarının keçdiyi şərəfli döyüş yolundan, müharibədən sonrakı həyatından maraqlı məlumatları bölüşdülər. “Xarqo” romanının bədii məziyyətlərini vurğulayan Cavanşir Cəbrayılov Zaman Qarayevin istedadlı yazıçı olmaqla yanaşı, son dərəcə cəsarətli qələm sahibi olduğunu diqqətə çatdırdı: “Atam Əhmədiyyə Cəbrayılov II Dünya müharibəsindən qəhrəman kimi Vətənə qayıtdıqdan sonra çox böyük təqiblərlə üzləşdi, “KQB”nin adamları atamı çox incidir, ona işgəncələr verirdilər. O vaxtlar Şəkidə hamı ailəmizdən üz döndərmişdi, hətta ən yaxın qohumlarımız bizə gəlməyə qorxurdular. Belə çətin vəziyyətdə yazıçı Zaman Qarayevin bizə gəlib atam haqqında kitab yazması, onun göstərdiyi bu cəsarət, qorxmazlıq, yazıçı hünəri bu gün də məni heyran edir.

Zaman Qarayev “Xarqo” romanını yazdıqdan sonra əsərin nəşri üçün çox böyük çətinliklər çəkdi. Heç bir dərgi, nəşriyyat romanı nəşr etdirmək istəmir, redaksiyaların məsul şəxsləri min bir bəhanə ilə çapdan imtina edirdilər. Lakin Zaman Qarayev son dərəcə dəyanət göstərdi, öz haqlı mövqeyini inamla müdafiə etdi.

Nəhayət, romanın dərc olunması ilə bağlı yaranmış çətinliyi Xalq yazıçısı Əbülhəsən aradan qaldırdı. O, əsəri oxuyaraq çox bəyəndi və “Xarqo” onun rəyi ilə 1966-cı ildə “Azərbaycan” jurnalında, bir il sonra isə ayrıca kitab kimi “Gənclik” nəşriyyatında böyük tirajla çap olundu. Bu maraqlı bədii nümunə ədəbi mühitdə geniş rezonans doğurdu, ümumtəhsil məktəblərinin ədəbiyyat dərsliklərinə daxil edildi. Roman Zaman Qarayevi tez bir zamanda məşhurlaşdırdı, atama olan təqiblər aradan qaldırıldı. Həmin o ağır illərdə Zaman Qarayevin göstərdiyi hünəri, misilsiz xidmətləri ailəmiz heç vaxt unutmayacaq. Mən bu əqidəli, istedadlı Azərbaycan yazıçısının cəsarəti, müqəddəs ruhu qarşısında baş əyirəm”.

Tədbirin sonunda Zaman Qarayevin övladı, “Poliqlot” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Sadiq Zaman tədbirin keçirilməsində əməyi keçən hər kəsə yazıçının ailəsi adından dərin təşəkkürünü bildirdi, Əhmədiyyə Cəbrayılov, “Xarqo” kitabının nəşri ilə bağlı maraqlı təəssüratlarını bölüşdü.

Tehsil-press.az

Oxşar xəbərlər