Yaxın Şərqdə yeni dövlət yaradan azərbaycanlılar kimdir? – Tarixi faktlar

Yaxın Şərqdə yeni dövlət yaradan azərbaycanlılar kimdir? – Tarixi faktlar Suriyada baş verən hadisələr fonunda səsləndirilən müxtəlif iddialar diqqət çəkir. Belə ki, Suriya və İraqın şimalında on illərdir hüquqları pozulan 5 milyondan artıq türkmanlar (azərbaycanlılar) ilə bağlı fərqli planların olduğu deyilir. Türkmanlar hazırda ASO-nun tərkibində, o cümlədən “Təhrir əş-Şam”da da mübarizə aparırlar. Bəzi iddialara görə Suriyadakı hadisələr nəzdində gələcəkdə türkmənlərə ayrıca dövlətin yaradılacağı planlaşdırılır. Bununla bağlı müəyyən xəritələrin olduğu da qeyd edilir.

İraq və Suriyadakı türkmanlar (azərbaycanlılar) o coğrafiyada nə zamandan yaşayır? Niyə ordadırlar?

Tarixçi alim Zaur Əliyev deyib ki, antik coğrafiyada Mesopotamiya adlanan ərazi VII əsrdə ərəblərin nəzarətinə keçdikdən sonra İraq adlandırıldı:

“Mühüm geosiyasi və iqtisadi mövqeyə malik olan İraq əhalisinin 91-95%-ni müsəlmanlar təşkil edir ki, bunun da 20%-i türkman adlandırılan azərbaycanlılardır. İraqda yaşayan soydaşlarımız özlərini və bizi türkman adlandırırlar. Elmi ədəbiyyatda “Türkman” etnoniminin “Tərəkəmə” sözünün cəmi olan “Tərəkəmun”-dan meydana gəlməsini, bəzilərində isə “Türkmanənd” biçimində işlənməsinə rast gələ bilərik ki, bu da “Türkəbənzər” deməkdir. Ərəb mənbələrində türkmanların Türkmənistan, Əfqanıstan və İranda yaşamış Türkmən tayfası olduğu qeyd olunur. Bununla tarixi faktları təhrif edən ərəb mənbələri kökündən yanılırlar. “Əsl Türk, ulu Türk” mənasını verən türkmanlar barəsində islam ensiklopediyasında deyilir: “İraq türkmanları, yəni Oğuzcanın azəri türkcəsini qonuşan türklər”. Bəzən türk mənbələri türkmanların Osmanlı türklərinin bir qolu olduğu barədə fikir söyləyirlər, oxşarlıq kimi türkmanların dilində Osmanlı türklərinin leksikonuna məxsus sözlərin olmasını göstərirlər. Düzdür, bu fikirdə bəzi həqiqətlər var, lakin türkman yazı dilində Osmanlı türkcəsinin elementləri özünü göstərməsinə baxmayaraq, xalq dilinə olan nüfuzu qüvvətli olmayıb”.

Zaur Əliyevin sözlərinə görə, bəzi xırda-para fərqləri nəzərə almasaq, İraq türkmanlarının ləhcəsi Azərbaycan dilindən fərqlənmir:

“Onlarla söhbət zamanı bunun əyani şahidi olmaq mümkündür. Bütün faktlar – dil, ənənə, musiqi, folklor, mətbəx, inanc və digər eynilik türkmanların məhz Azərbaycan türkləri olmasını təsdiq edir.

İraqda azərbaycanlılar ölkənin şimalında – əsasən Kərkük vilayətində: Kərkük şəhəri, Tuz Xurmatu, Altun körpü, Təzə Xurmatu Daquq, Badava, Bəşir, Böyük hasar, Biləvə, Qarabulaq, Qızılyar, İftixar, Yayçı, Yarvərli, Yengicə, Köküz, Gümbədlər, Leylan, Ömər Məndən, Tərcil, Tisin, Toxmaqlı, Türgələn, Çardaxlı kəndlərində, Kifri, Tərətəppə, Əbud, Birəvçulu, Bostamlı, Talxanlu, Qaranaz, Ənbuhəsən, Ənbusabah, Əmirli, Əski Kifri, Yeşiltəpə, Kəhriz, Kinkirban, Kötəburun, Laqum, Məftun, Para-para, Pirvaz, Pirəhməd, Səyyad, Süleyman bək, Tel Mənzil, Üçtəpə, Xasadarlı, Hasarlı, Hələvə, Cabbarlı, Şirvanə kimi şəhər və qəsəbələrdə məskən salıblar. Bundan başqa, Diyalə vilayətində, Şahraban, Dəlli Abbas, Məndəli, Qarağan, Qızlarbat, Qızılca, Mənzəriyyə, həmçinin Ərbil, Mosul, Bağdad, Samirə kimi iri şəhərlərdə də yaşayırlar.

İraqda Azərbaycan türklərinin məskunlaşması eramızın VII əsrinə təsadüf edir. İlk zamanlar əsgəri bir heyət olaraq Bağdadda xidmət edən azərbaycanlılar sonradan ciddi nüfuz qazanıblar və həmişəlik burada yaşamalı olublar. Xüsusilə də, xəlifə Mötəsim öz ətrafına xeyli Azərbaycan türkü toplamışdı. Onun bu hərəkətinə qarşı ərəblər arasında yaranan etiraz və qalxa biləcək mübarizə dalğasından qorunmaq məqsədilə Bağdaddan 120 kilometrlikdə yerləşən Samarra – “Surra man raa” şəhərini saldıran Mötəsim paytaxtı oraya köçürür. Beləliklə, İraqda azərbaycanlıların və digər türk xalqlarının ilk böyük koloniyası yaradılır. Xilafətin Səlcuq türklərinin nüfuzu altına keçməsindən sonra soydaşlarımızın siyasi, hüquqi və mədəni inkişafı dirçəldi. Mosul (1127-1228), Ərbil (1144-1232) Atabəylikləri yarandı, xüsusilə, şimal əyalətlərindən İraqa köçürülən türklərin durumu yaxşılaşdı. Tədricən Bağdad və onun ətrafında yerləşən ərazilər Azərbaycan türklərinin nəzarətinə keçdi”.

Tarixçi qeyd edir ki, Cəlayirilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövründə İraq azərbaycanlıları bütün sahələrdə yüksək dövlət postlarında təmsil olunurdular:

“Azərbaycanlıların elm, ədəbiyyat, memarlıq, musiqi sahəsində uğurları artmağa başladı. Azərbaycan türkcəsi fars və ərəb dilləri kimi üstün mövqe qazandı. Qaraqoyunluların hakimiyyəti illərində türk dili dövlət səviyyəsində nüfuz qazandıqdan sonra mədrəsələrdə ana dilimizdə tədrisə başlandı. Azərbaycanlılar Bağdad ətrafı ərazilərdə sıx-sıx məskunlaşıb, bəzi yerlərdə sayca ərəblərdən üstün olmaqla, doğma mədəniyyəti, musiqi və ədəbiyyatı, ənənələri təbliğ edirdilər. Burada yerləşən dini ziyarətgahlara, ticari məqsədlə İraqa edilən səfərlər Azərbaycan türkləri üçün çox rahat və sərbəst idi.

Osmanlı imperiyasının qüvvətlənməsi, yeni ərazilər əldə etmək iddiası 1514-cü ilin məşhur Çaldıran vuruşmasından sonra İraqın bu dövlətin nəzarətinə keçməsinə şərait yaratdı. Şah Abbasın dövründə qısa müddətə geri qaytarılan İraq Sultan VI Murad tərəfindən yenidən Osmanlı imperiyasının tabeliyinə keçirildi. Osmanlı dönəmində İraqa Anadoludan türk ailələri köçürülməyə başladı. XVIII əsrin əvvəllərində isə Qarabağ Xanı Pənahəli Xan bu ərazidən əvvəllər İraqa köçürülmüş elatları geri qaytarmağa cəhd göstərdi”.

Z.Əliyevin sözlərinə görə, I Dünya müharibəsinə qədər Osmanlı imperiyasının tabeliyində qalan İraqda soydaşlarımızın hüquqları, mövqeyi ingilislər tərəfindən qismən də olsa qorunurdu:

“1920-ci ildə onların təsirilə qurulan İraq hökumətində bir Kərkük azərbaycanlısı nazir postuna təyin olundu. 1922-ci ildə İraq-İngiltərə sazişinin 3-cü maddəsinə görə, azərbaycanlılar ana dilində tədris almaq hüququ əldə etdilər. Lakin onlara verilən hüquqlar sonradan İraq hökuməti tərəfindən kobud şəkildə pozuldu.

1958-ci ildə İraqda respublika qurulmasında yaxından iştirak edən Azərbaycan türkləri ilk illər müəyyən hüquqlar əldə etdikdən sonra 1959-cu ilin 1 fevralında Bağdadda Azərbaycan dilində radio açıldı. 1960-cı ildə Bağdadda Türkmən Qardaşlıq Klubu (sonradan Ocaq oldu) yaradıldı. İraq azərbaycanlılarının iradəsi ilə təşkil olunan klub onların rəsmi nümayəndəliyi kimi sosial-mədəni sahədə fəaliyyət göstərməyə başladı. 1961-ci ildə “Qardaşlıq” jurnalının nəşrə başlaması klubun ilk mühüm işlərindən idi. İraq azərbaycanlılarının tarixini, yaşam tərzini, dünya baxışlarını əks etdirən jurnal 156 saylı 1977-ci il 6 fevral tarixli qərarla BƏS partiyasının nəzarətinə keçdikdən sonra nüfuzunu itirdi.

1968-ci il 17 iyun inqilabından sonra İraq azərbaycanlılarına ana dillərində təhsil almaq, doğma dildə jurnal, qəzet nəşr etmək, Kərkük televiziya və radiosunda verilişlər açmaq vədləri verildi. Lakin BƏS partiyası hakimiyyətdə möhkəmləndikdən sonra 1971-ci ildən başlayaraq, “Bağdaddan Kərkükədək hamı ərəbləşməlidir” siyasəti yeridilməyə başlandı. Rəsmi olaraq verilən hüquq və vədlərin çox hissəsi həyata keçmədi. Buna etiraz edən azərbaycanlı tələbələr, ziyalılar həbs olundular, cəzalandırıldılar. İraq azərbaycanlılarının assimliyasiya olunması prosesi sürətləndirildi. Onların malik olduqları torpaq sahələri, mülklər müxtəlif bəhanələrlə, zorla əllərindən alındı.

Azərbaycanlılar, xristian, ərəb və kürdlərdən fərqli olaraq, seçkilər zamanı öz namizədliklərini irəli sürə bilməzdilər. Azərbaycan dili ərəb dilinin ağır təsiri altına düşdü. Doğma dildə təhsil almaq hüquqlarını itirən soydaşlarımıza hərb, polis sistemində işləmək, bu yöndə təhsil almaq qadağan olundu. Kərkük və digər ərazilərin adları ərəbləşdirildi. Əl-Tammim adı verilən Kərkükdə soydaşlarımız ciddi şəkildə sıxışdırıldılar. Tuz Xurmatu və Kifri kimi Azərbaycanlıların çoxlu sayda yaşadıqları ərazilər Ərəb vilayətlərinə birləşdirildi”.

Tarixçi vurğulayır ki, neftlə zəngin torpaqlarda yaşayan azərbaycanlılar zorla ucqar ərəb kənd və qəsəbələrinə köçürüldülər:

“Azərbaycan məktəbləri bağlandı. Bu dildə rəsmi dairələrdə danışmaq qadağan edildi. 7 yaşından sonra ərəb düşərgələrinə aparılan azərbaycanlı uşaqlara ərəb dili, mədəniyyəti və ideologiyası öyrədilirdi. Ərəb oğlanlarının azərbaycanlı qızlarla evləndirməyə həvəsləndirmək üçün hökumət belə gənclərə böyük miqdarda pul vəd edirdi.

Cənubdan yüzlərlə ərəb ailəsi soydaşlarımızın yaşadıqları ərazilərə köçürülərək geniş səlahiyyət və imkanlar qazanırdılar. Azərbaycanlıların alqı-satqı hüquqları əllərindən alındı. 1980-cı ildən sonra soydaşlarımız torpaq, ev, dükan satın ala bilməzdilər. Şəxsiyyət vəsiqəsi alarkən azərbaycanlıların milliyyəti zorla dəyişdirilirdi, onlar ərəb və kürd millətindən olduqlarını yazmağa vadar edilirdilər. Dövlət işlərində azərbaycanlılar çalışa bilməzdilər. Soydaşlarımıza məxsus tarixi mədəniyyət abidələri dağıdılırdı. Məsələn, Kərkükdəki Daş körpü, Kərkük qalası uçurduldu. Azərbaycanlılar zorla kürd və ərəblərin çox olduqları bölgələrə sürgün edilirdilər. Ərəb bölgələrinə köçənlər ev əşyalarını götürə bilərdilər. Lakin kürdlərin ərazisinə köçənlər üst paltarlarından başqa heç nə apara bilməzdilər. Bu cür haqsızlıqlara dözməyən yüzlərlə soydaşımız Danimarka, İsveç, Türkiyə və digər Avropa ölkələrinə mühacirət etməyə məcbur oldu. Nüfuzlu, cəmiyyətdə mövqe qazanan azərbaycanlılar həbs edilir, gözdən salınırdılar.

Səddam Hüseynin hakimiyyəti illərində İraqdakı soydaşlarımızın durumu daha da pisləşdi. Təzyiqlər yolu ilə azərbaycanlıların qonşu ölkələrə köçməsini gücləndirən Səddam Hüseyn rejimi boş qalan ərazilərdə kürdləri və ərəbləri yerləşdirirdi. 8 illik müharibə illərində qardaşı qardaşa silah qaldırmağa vadar edən İraq və İran rejimlərinin amansız, mənfur siyasətinin qurbanları əsasən hər iki ölkədə yaşayan və hər iki səngərdə vuruşan Azərbaycan türkləri idi”.

“Müharibədən sonra azərbaycanlıların öz hüquqları uğrunda başladıqları hər bir çıxış xüsusi qəddarlıqla yatırılırdı. İraq rəsmiləri azərbaycanlıların sayını qəsdən azaldır, onların 500 min olması barədə açıqlamalar verirdilər. Amma əslində bu ölkədə 2-2,5 milyon arası saya malik olan soydaşlarımızın 1990-cı ilin İraq konstitusiyasında adları belə, çəkilmir. Konstitusiyada “İraq xalqı yalnız ərəb və kürdlərdən ibarətdir” bəndini qeyd etməklə insan hüquqlarını kobudcasına pozan, beynəlxalq hüquq normalarını tapdayan Səddam Hüseynin rejimi, aydındır ki, soydaşlarımızı bu iki xalqın içərisində “əritməyə” çalışıb. Ərəblərdən sonra İraqda ikinci böyük xalq olan soydaşlarımız dili, mədəniyyəti son günlərədək sərt şəkildə sıxışdırılmaqda, folklor abidələri, ənənələri, mətbəxi, milli varlığı yox edilməkdədir. Soydaşlarımızın kütləvi informasiya vasitələrinə çıxışı yox dərəcəsindədir.

İraqda 1400 illik tarixə malik olan azərbaycanlılar tarixin müxtəlif dövrlərində bütün çətinliklərə baxmayaraq, öz milli kimliklərini, mənəviyyatını, ana dilini unutmayıb, ulu babalardan qalan, misilsiz dəyərə malik ənənələri nəsildən-nəsilə ötürərək bu günümüzə çatdırıblar. Bizim isə bu gün öhdəmizə düşən vəzifə qanbir-canbir qardaşlarımızın taleyinə biganə qalmamaqdır”-deyə, Zaur Əliyev son olaraq vurğulayıb.Globalinfo.az/

Tehsil-press.az

Oxşar xəbərlər