Məhkəmə təcrübəsi köklü surətdə dəyişdirilir - TƏFƏRRÜAT

Məhkəmə təcrübəsi köklü surətdə dəyişdirilir - TƏFƏRRÜAT 20 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin Plenumunun ailə münasibətləri ilə bağlı bəzi qərarlarına edilmiş əlavə və dəyişikliklərin məzmunu açıqlanıb.

E-huquq.az xəbər verir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev bu barədə məlumat verib.

Onun sözlərinə görə, ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

S.Hacıyev aşağıdakıları qeyd edib:

1. Uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq, məhkəmələrə nikahın pozulması tələbinə baxarkən, bir icraatda uşaqla ünsiyyət hüququna dair tələb üzrə də qətnamə qəbul etmə imkanları izah edilir.

Məhkəmələr nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığını müəyyən etdiyi halda, valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalı, bununla bağlı mübahisənin olduğu halda uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edəcəklər.

2. Sabit pul məbləğində alimentin müəyyən edilməsi forması köklü surətdə dəyişdirilərək konkret məbləğdə deyil, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən minimum əmək haqqının müəyyən misli həddində tutulmalı olduğu izah edilir. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verməklə, vətəndaşların yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə tutulan aliment məbləğinin artırılması ilə bağlı hər il məhkəmələrdə iddia qaldırmaq zərurətini aradan qaldırmış olacaqdır. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiyanın maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməsi imkanı izah edilir.

3. Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbin müstəqil iddia olmayaraq, qətnamənin icra qaydasının müəyyən edilməsi qaydasında baxılan müraciət olduğu izah edilir. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə isə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılmalıdır.

4. Uşaqların zəruri təminat hüquqlarının vaxtında həyata keçirilməsi, habelə alimentin artırılması tələbinə dair işlərdə cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısının alınması məqsədi ilə artırılmış alimentin məbləği əvvəllki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulduğu kimi alimentin artırılmasına dair ərizənin məhkəməyə verildiyi tarixdən tutulacaqdır.

5. Uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsi hüquqlarının təmin edilməsi ilə bağlı məhkəmə təcrübəsi müəyyən edilmişdir.

6. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsində və dəyişdirilməsində çevikliyin təmin edilməsi, valideynlərin bu hüquqların həyata keçirilməsində məsuliyyətinin artırılması, habelə icra məmurlarının bu işlər üzrə icra sənədlərinin icrası ilə bağlı lüzumsuz yükünün aradan qaldırılması məqsədi ilə aşağıdakı istiqamətlərdə dəyişikliklər edilmişdir.

Dəyişikliklərə əsasən uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyi izah edilir.

Qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, MPM-in 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməli olduğu izah edilir.

Ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğunun göstərilməli olduğu izah edilir.

Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli MPM-in 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidi.

Əvvəlki təcrübədən fərqli olaraq, Qətnamə ilə tərəflərin üzərinə qoyulmuş öhdəliklər icra məmurlarını bu yükdən azad edəcək, habelə göstərilən öhdəliklərin icra edilməməsinə görə tərəflər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsinə imkan verəcəkdir.

Plenum Qərarının mətni yaxın günlərdə dərc olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər