.jpg)
- Natiq müəllim, LDU-nun keçdiyi inkişaf yoluna birlikdə nəzər salaq.
- Ümummilli lider Heydər Əliyevin “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir” kimi dəyərləndirdiyi universitetimiz Nazirlər Kabinetinin 1992-ci il 403 saylı qərarı ilə yaradılıb, 33 ildə LDU böyük inkişaf yolu keçib. Yarandığı ilk illərdə fəaliyyətini ümumtəhsil məktəblərində, məhdud imkanlar şəraitində davam etdirən universitetin indi müasir tələblərə cavab verən, zəruri avadanlıq və modern laboratoriyalarla təchiz olunmuş 3 tədris, 1 inzibati, oğlanlar və qızlar üçün hər cür şəraiti olan 2 yeni yataqxana binası, elmi kitabxana kompleksi, tədris-təcrübə bazaları, yardımçı təsərrüfatı, professor-müəllim heyəti üçün 1, 2 və 3 otaqlı 18 xidməti mənzili, hoteli və s. var.
Hazırda universitetdə 6 fakültə,14 kafedra fəaliyyət göstərir. Universitetdə tədrisin keyfiyyətinin artırılması, təcrübələrin müasir tələblərə uyğun şəkildə təşkili, məzunların gələcək karyeralarının təşkili və idarəetmə strukturunda operativliyi təmin etmək məqsədilə yeni tədris strukturu yaradılıb.
Elmi-tədqiqat fəaliyyətinə gəlincə, universitetdə 3 seriya üzrə “Elmi xəbərlər” jurnalı dərc olunur. “Humanitar elmlər”, “Riyaziyyat və təbiət elmləri” və “Texnika və aqrar elmləri” elmi jurnalları ildə iki dəfə nəşr olunur. Qeyd edim ki, son 5 ildə doktoranturaya qəbul olanların 82%-i elmi işlərini uğurla müdafiə edib.
LDU beynəlxalq əməkdaşlığın qurulmasına önəm verir. LDU Türkiyənin nüfuzlu universitetləri, Qazaxıstan, Özbəkistan, həmçinin Avropa ölkələrinin, o cümlədən Polşa, Macarıstan, Çexiya, Ukrayna və s. ölkələrin ali təhsil ocaqları ilə sıx əlaqələr qurub.
Görülən işlər öz nəticəsini verib. LDU-da təhsil alan tələbələrin sayı son 8 ildə demək olar ki, 3 dəfə artıb.
Universitetdə kadr hazırlığının keyfiyyətini yüksəltmək, müəllim hazırlığının səviyyəsini artırmaq məqsədilə tədris bazamızı müntəzəm yeniləyirik. Müasir tələblərə cavab verən yeni fənn kabinetləri və laboratoriyalar tələbələrin istifadəsindədir.
Növbəti tədris ilində iki yeni ixtisas üzrə kadr hazırlığı aparılacaq
- Abituriyentlər universitetin hansı ixtisaslarına daha çox maraq göstərirlər? Hansı yeni ixtisasların açılması bu gün LDU üçün daha prioritetdir və bu, hansı ehtiyacdan yaranır?
- Universitet tələbə qəbulu planını müəyyənləşdirərkən işəgötürənlərin tələb və təkliflərini nəzərə alır. Universitetimizin fəaliyyət göstərdiyi cənub bölgəsində hansı ixtisaslı kadrlara daha çox ehtiyacın olduğunu analiz edir, qəbul planını buna uyğunlaşdırırıq.
Son zamanlar qeyri-neft sektoruna dövlət dəstəyi gücləndirilib. Dövlət sifarişi ilə təhsil alanların sayı ildən-ilə artır, xüsusilə aqrar ixtisaslar üzrə qəbul olunanların təhsil haqqı dövlət hesabına ödənilir. Aqrar, mühəndislik, baytarlıq təbabəti ixtislı məzunların əksəriyyəti işlə təmin olunub. Əməkdaşlıq müqaviləsi çərçivəsində Türkiyənin Qafqaz Universitetinin 3 professor-müəllimi “Baytarlıq təbabəti” ixtisası üzrə tədris prosesinə cəlb edilib. Baytarlıq ixtisasının tələbələri son illərdə bir semestr Türkiyəyə klinik təcrübəyə göndərilir.
Universitetin əsas hədəflərindən biri əmək bazarının, işəgötürənlərin tələb və təkliflərinə uyğun ixtisaslar üzrə kadr hazırlamaqdır. Növbəti tədris ilindən sənaye mühəndisliyi və heyvandarlıq kimi yeni ixtisaslar üzrə kadr hazırlığını həyata keçirmək nəzərdə tutulur.
- Məzunlarınızın məşğulluq reytinqinin artırılması üzrə hansı planlar var? Sənaye müəssisələri ilə işbirliyiniz hansı səviyyədədir? Özəl sektorla birgə hansı layihələr icra edirsiniz və ya icrası nəzərdə tutulur?
- Məzunlarımızın məşğulluq reytinqinın artırılması istiqamətində daim işlər aparılır. Bu məqsədlə hər il məzun yarmarkaları keçirilir. Son məzun yarmarkasında bölgəmizin 50-dən artıq dövlət və özəl müəssisəsi iştirak edib, məzunlara 200-ə yaxın vakansiya təklif olunub. Universitetdə karyera və məzunlarla iş bölməsi fəaliyyət göstərir. Həmçinin universitetin rəsmi internet saytında “Məzunlarımız” başlıqlı bölmə var. Məzunlarımız həmin bölmədə şəxsi kabinet yaradaraq iş yeri, əlaqə vasitələri və s. qeyd edirlər. Biz bu yolla məzunlarımızın məşğulluq imkanlarını izləyə bilirik. İşsiz tələbələrə karyera və məzunlarla iş bölməsinin əməkdaşları tərəfindən məsləhətlər verilir.
Etiraf edək ki, sənaye müəssisələri və özəl sektorla işbirliyimizin gücləndirilməsinə ehtiyac var, bu istiqamətdə hələ çox iş görülməlidir. Lənkəran və ətraf rayonların bir sıra sənaye müəssisələri və özəl şirkətlər, o cümlədən Lənkəran Konserv zavodu, “Laran” şirniyyat fabriki, turizm müəssisələri və s. ilə işbirliyi qurmuşuq. Bu işbirliyi daha çox tələbələrin ixtisas üzrə praktik təcrübələri ilə bağlıdır. Yəni tələbələri təcrübə keçmək üçün həmin müəssisələrə göndəririk, onlar da bunun üçün şərait yaradır. Çalışırıq ki, daha çox aqrar sahə ilə bağlı özəl sektorla iş birliyi quraq. Bunun üçün ilkin addımlar atılıb və hesab edirəm ki, dövlət-sənaye-özəl sektor əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara sahibik.
Tələbələr imtahan tarixlərini elektron qaydada seçə və dəyişə bilərlər
- LDU-da bu gün tələbələrin biliyinin qiymətləndirilməsi üçün istifadə edilən üsullar qaneedicidirmi, yoxsa müasir dövrün tələblərinə uyğun olaraq, bu üsulların daha da təkmilləşdirilməsinə ehtiyac var?
- Ali təhsildə keyfiyyət təminatı, tələbə və müəllim biliyinin obyektiv qiymətləndirilməsi bütün zamanların prioritet məsələsidir. Bu sahədə davamlı tədqiqatlar aparır, inkişaf etmiş universitetlərin ölçmə, qiymətləndirmə modellərinə baxırıq. Müxtəlif qiymətləndirmə üsullarından - yazılı, şifahi imtahanlar, təqdimatlar, qrup layihələri, praktiki tapşırıqlar və laboratoriya işlərindən istifadə edilir. Qiymətləndirmə metodunun seçimi fənnin proqram və tələblərindən, təlimin məqsədlərindən asılıdır.
Universitetimizdə kollokvium və imtahanlar əsasən yazılı keçirilir, xarici dillər və nitq fənləri şifahi, rəsm, musiqi, İKT və kliniki fənlər performans tipli təşkil olunur. Universitetdə tələbələr özünün imtahan və kollokvium vaxtlarını seçməkdə tam müstəqildirlər. Bunun üçün elektron universitet layihəsi həyata keçirilir. Tələbələr imtahan gününə qədər istənilən zaman elektron qaydada şəxsi kabinetinə daxil olaraq öz imtahan və kollokvium tarixlərini seçə və dəyişə bilərlər. Tələbə daha yaxşı hazırlaşa bilmək üçün ayri-ayrı fənlərin imtahanları arasında interval saxlaya bilər. Bununla da tələbələrə təhsil trayektoriyasının, bilik-bacarıq səriştələrinin müəyyənləşdirilməsi zamanı tam sərbəstlik verilib. Artıq 3 ildir ki, LDU-da tətbiq olunan bu sistem Azərbaycan ali təhsil müəssisələrində bir ilkdir.
- Universitetin tədris göstəricilərinin yüksəlməsinə şərait yaradan əsas amillərdən biri tələbələrlə münasibətin düzgün qurulması, onların səmərəli rəy və təkliflərinin fəaliyyətin təşkilində nəzərə alınmasıdır. Universitet rektoru olaraq bu həssas məsələyə münasibətiniz…
- Lənkəran Dövlət Universitetində təhsilalanlar fikirlərini sərbəst ifadə edir, qrup və ya fərdi formada təkliflər verirlər. Universitet Elmi Şurasında Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı, Tələbə Elmi Cəmiyyətinin nümayəndələri təmsil olunur. Onların qərarvermədə və universitetin mədəni-ictimai həyatında iştirakları təmin olunur. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif intellektual yarışlar, idman oyunları, yaradıcılıq gecələri, olimpiadalar və s. təşkil edilir. Tələbələrimiz rayonun, bölgənin və respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında fəal iştirak edirlər.
Universitetdə tələbələrin rəhbərliyə müraciətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə [email protected] və [email protected] aktiv fəaliyyət göstərir və gün ərzində bütün müraciətlərə baxılır. Demək olar ki, hər gün tədris prosesinin başlanmasını izləyirəm. Bu zaman tələbələr və valideynlər sərbəst şəkildə mənə yaxınlaşıb fikir və təkliflərini çatdıra bilirlər.
- LDU bir çox xarici ölkə universitetləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq daha çox hansı istiqamətlər üzrə qurulub. Bu istiqamətdə gələcək planlarınız nədən ibarətdir?
- LDU hazırda 50-dən çox xarici universitetlə əməkdaşlıq edir. Türkiyə, Avropa ölkələri, o cümlədən Polşa, Macarıstan, Çexiya, Ukraynanın və s. universitetləri ilə qarşılıqlı ikili diplom, professor-müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlıq edirik. Eyni zamanda, elm sahəsində beynəlxalq əməkdaşlığımızı genişləndiririk. Xarici ölkələrin nüfuzlu alimləri universitetdə tədris və elmi-tədqiqat prosesinə cəlb edilir, onlar universitetin fəxri doktoru, professoru seçilir, alimlərimizlə birgə elmi-tədqiqat işləri aparırlar. Türkiyə və Avropanın bir sıra universitetləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrimiz bir semestr orada təhsil almaq imkanı qazanırlar. Çalışırıq ki, həmin universitetlərin tələbələrinin də LDU-da bir semestr təhsil almasına şərait yaradaq.
“Yeni tədris binasının, baytarlıq klinikasının tikintisinə yaxın vaxtlarda başlanılacaq”
- LDU-nun maddi-texniki bazasının gücləndirilməsi, infrastrukturunun genişləndirilməsi istiqamətində nə kimi planlarınız var? Bu yeniliklər tələbələrə hansı imkanları verəcək?
- LDU-da son illər maddi-texniki bazanın gücləndirilməsi və infrastrukturun genişləndirilməsi istiqamətində işlər intensiv davam etdirilir. Müxtəlif ixtisaslar üçün tədris laboratoriyalar, fənn və virtual kabinetlər daim yenilənir, yeni tədris binaları tikilir. Söhbətimizin əvvəlində bu mövzuda artıq danışmışdıq. Əlavə olaraq bildirim ki, 1 saylı tədris korpusunun ərazisində yeni dördmərtəbəli tədris binasının, baytarlıq klinikasının tikintisinə yaxın vaxtlarda başlanılacaq. Paralel olaraq 3 saylı korpusun ərazisində yeni beşmərtəbəli tədris binası inşa olunacaq. Qeyd edim ki, yeni korpus və laboratoriyalar lazımi avadanlıqlarla təchiz ediləcək. Tələbələrə tədris prosesində praktik vərdişlərin aşılanması istiqamətində bütün imkanlardan istifadə etməyə çalışırıq.
- Tələbələrinizin yataqxana təminatı ilə bağlı vəziyyət necədir?
- LDU-da müasir standartlara cavab verən 165 yerlik qızlar yataqxanası və 250 yerlik oğlanlar yataqxanası tələbələrimizin ixtiyarındadır. Hər iki yataqxana son illərdə inşa olunub və burada tələbələrin rahat yaşamı üçün hər cür şərait yaradılıb. 2-3 nəfərlik otaqların hər birində sanitar qovşaqları, fasiləsiz elektrik enerjisi, isti və soyuq su, istilik sistemi, internet, soyuducu, televizoz, bir sözlə, bütün kommunal xidmətlər var, tələbələrin asudə vaxtlarının təşkili üçün istirahət zalı ayrılıb. Gələcəkdə ehtiyac yaranacağı təqdirdə yeni yataqxana binaları inşa oluna bilər.
- Universitet alimlərinin elmi fəaliyyətini necə qiymətləndirirsiniz? Alimlərinizin beynəlxalq indeksli elmi jurnallarda nəşr olunan məqalələrinə istinad sayı qaneedicidirmi?
- Universitet ali təhsil ocağı olmaqla yanaşı, həm də elmi-tədqiqat mərkəzi olduğu üçün alimlər fəal şəkildə elmi-tədqiqat işinə cəlb olunurlar. Respublika və beynəlxalq miqyaslı elmi konfranslarda, elmi-tədqiqat işlərində universitetin alimləri yaxından iştirak edirlər. Universitet əməkdaşlarının “Web of Science” və Scopus kimi nüfuzlu elmmetrik bazalara daxil olmuş beynəlxaq indeksli jurnallarda 150-yə yaxın elmi işi dərc olunub və onlara dünyanın müxtəlif ölkələrindən 1000-dən artıq istinad edilib. Elmi-tədqiqat işlərin sayı artdıqca universitetin Hirşa indeksi (h-indeksi) artan dinamika ilə yüksəlir. Sözsüz ki, bununla kifayətlənə bilmərik. Alimlərimizin, doktorant və magistrlərin elmi fəaliyyətinin artırılması istiqamətində səylərimizi davam etdiririk.
- LDU-nun beynəlxalq reytinq cədvəllərindəki mövqeyinin yaxşılaşdırılması üçün hansı işləri görmək niyyətindəsiniz?
- LDU son zamanlar dünyanın ən nüfuzlu beynəlxalq reytinq bazalarından hesab edilən “Quacquarelli Symonds World University Rankings” və “Times Higher Education World University Rankings” sitemlərində iştirak edir. Beynəlxalq reytinq cədvəllərindəki mövqeyimizin yaxşılaşdırılması məqsədilə universitetdə xüsusi işçi qrup yaradılıb və həmin reytinq bazaların tələblərinə uyğun şəkildə işlərin görülməsi istiqamətində tədbirlər planı icra edilir.
- Natiq müəllim, son olaraq gələcək plan və hədəflərinizi dinləyək…
- Hər bir ali təhsil müəssisəsi gələcək fəaliyyəti üçün strateji inkişaf planı müəyyən edir. LDU-nun 2022-2030-cü illəri əhatə edən perspektiv dövr üçün qarşısında duran əsas məqsəd və vəzifələri müəyyən edən strateji inkişaf planı var. Bu strategiya universitetin bütün fəaliyyət istiqamətləri, o cümlədən təhsil proqramları, maraqlı tərəflərin-tələbələrin, valideynlərin, işəgötürənlərin, məzunların, professor-müəllim heyətinin, elmi-tədqiqat işlərinin, maliyyə-iqtisadi idarəetmənin, tədris-metodiki işlərin, infrastrukturun və informasiya-texniki bazanın keyfiyyətinin yaxşılaşdırılması, kommunikasiya və sosial-tərbiyə siyasəti üzrə innovasiya yönümlü dayanıqlı sistemin formalaşmasına xidmət göstərir.
Biz işlərimizi bu plan üzrə qururuq. Əsas hədəflərimiz universitetdə tədrisin keyfiyyətinin artırılmasına daim diqqət ayırmaq, maddi-texniki bazasının gücləndirilməsi üçün səy göstərmək, tələbəyönümlü, yəni daim tələbələrin və cəmiyyətin inkişafına xidmət edən bir sistemi tam formalaşdırmaqdır./Azərbaycan müəllimi/
Tehsil-press.az