BİNƏQƏDİ GƏNCLƏR EVİNDƏ “POEZİYA GECƏSİ” KEÇİRİLDİ

BİNƏQƏDİ GƏNCLƏR EVİNDƏ  “POEZİYA GECƏSİ” KEÇİRİLDİ Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi 4 aylıq “YARADICILIQ ÜFÜQLƏRİ: Gənc yazarlar üçün toplantıların təşkili” adlı layihənin yekun tədbiri olaraq “Binəqədi Gənclər Evi”ndə “Poeziya Gecəsi” keçirildi.
Gənc və istedadlı şairlər İntiqam Yaşar və Ülkər Pirinin aparıcılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı çağdaş ədəbiyyatımızda yaradıcı gənclər arasında parlaq imzaların olduğunu və onların ədəbi ictimaiyyətdə canlanma yaratdığını qeyd etdi. DGTYB-nin yarandığı gündən istedadlı gənc yazarların üzə çıxarılması və onların ədəbi ictimiyyətdə tanınmasında bir çox işlər gördüyünü xatırladan Əkbər Qoşalı, bu dəfəki layihənin də əsas qayəsi barədə danışdı. O bildirdi ki, “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı layihə çərivəsində bu il ərzində paytaxtın müxtəlif mədəniyyət ocaqlarında, eləcə də, bölgələrdə - o cümlıədən Bərdə və Şəmkirdə, Xırdalan və Sumqayıtda yaşayıb fəaliyyət göstərən yaradıcı gənclərlə, ədəbi ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilib, habelə virtual fikir mübadiləsi aparılıb. Məhz bu cür görüşlər yeni imzaların üzə çıxarılmasına və onların respublika səviyyəli dövri nəşrlərdə, eləcə də, DGTYBnin mandatına uyğun olaraq, türk dünyası nəşrlərində çıxışlarına imkanlar açır.
Nəhayət, Binəqədi Gənclər Evində, iyun və iyulun sonunda, 1 ay aralıqla iki poeziya gecəsinin təşkili, hər iki tədbirdə millət vəkillərinin, başqa rəsmi şəxslərin, nüfuzlu ziyalıların, QHT, KİV təmsilçilərinin, ayrı-ayrı rayon və şəhərlərimizi təmsil edən istedadlı gənclərin iştirakını, belə layihələrə ehtiyacın və bizlərə etimadın ifadəsi kimi qəbul edir, bütün iştirakçılara təşəkkür edirik!
“Şairlərin hər görüşü bir ədəbiyyat bayramıdır.
Doğrudur, hər nə qədər informasiya-komminikasiya texnologiyaları, sosial şəbəkələr inkişaf etmiş olsa da, gənclərimizin, özəlliklə, bölgələrdə yaşayan istedadların üzə çıxması üçün belə tədbirlərə ehtiyac olur” – Ə.Qoşalı deyib.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov çıxışında rəhbərlik etdiyi qurumun daim gənclərin ideyalarının gerçəkləşməsi, istedadlı gənclərin aşkara çıxarılması kimi məsələlərdə yaxından iştirak etdiyini nəzərə çatdırdı; dövlətimizin apardığı uğurlu gənclər siyasəti sayəsində gənclərin öz ideya və yaradıcılıq potensialını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradıldığını vurğuladı. E.Aslanov qeyd etdi ki, təkcə Bakıda deyil, bölgələrimizdə də “Gənclər Evi”nin tikilib istifadəyə verilməsi və gənclərin orada müxtəlif tədbirlər keçirməsi buna örnək göstərilə bilər.
DGTYB-nin fəaliyyətini yüksək qiymətləndirən Elvin Aslanov onun çağdaş ədəbiyyatımıza töhfələr verdiyini vurğuladı və Gənclər Evinin gənclərin üzünə həmişə açıq olduğunu bildirdi.
Millət vəkili, şair-publisist Musa Urud ədəbi mühitdə gənclərin rolundan söhbət açdı. Poeziya Gecəsində səsləndirilən şeirlərin məzmun və forması barədə fikir bildirən millət vəkili, gənclərin Qarabağ həsrətinin, vətənpərvərlik duyğularının ədəbiyyatımızda işıqlandırılmasının vacib olduğunu bildirdi. Bu baxımdan gənc yazarların üzərinə düşən mənəvi məsuliyyətin böyük olduğunu və parlaq imzaların ədəbiyyatımızın daha da canlanması üçün böyük töhfə olduğunu vurğuladı, onlara uğurlar arzuladı.
M.Urud DGTYByə yeni üzv olmuş iki gənc yazara üzvlük vəsiqəsi təqdim etdi.
Əməkdar jurnalist, yazıçı-publisist Azər Həsrət, bölgələrimizdə yaşayıb yaradan istedadlı şairlərin bu cür yaradıcı tədbirlərə toplanması və yaradıcı mühitin formalaşmasını yüksək qiymətləndirdi. O qeyd etdi ki, məhz dövlətin gəncliyə verdiyi dəstək sayəsində gerçəkləşən bu cür layihələr ədəbi mühitimizin daha da inkişafına müsbət təsir edir, yaradıcı gənclərin bir-birinin fəaliyyəti ilə tanış olmağa şərait yaradır. O bildirdi ki, sevindirici haldır ki, artıq çağdaş poeziyamızda qlobal səviyyədə düşünən və yazan ədəbi gənclik yetişib, onların yaradıcılıq örnəklərini xarici dillərə çevirərək, dünyaya çıxarmaq işin xeyrinədir.
Poeziya axşamında paytaxtda, Abşeron və Sumqayıtda yaşayan gənc istedadlarla yanaşı, Balakən, Bərdə, Gədəbəy, Gəncə, Xaçmaz, Kürdəmir, Qazax, Quba, Masallı, Naxçıvan, Lerik, Saatlı, Salyan, Şamaxı, Şəmkir, Tovuz... və başqa bölgələrimizi, habelə doğma Təbrizi təmsil edən gənc şairlər çıxış etdi. Gənc aşıqlar Toğrul və Cavanşirin ifasında gözəl saz ifaları isə gecəyə başqa bir rəng qatdı. Sazlı-sözlü poeziya gecəsi tamaşaçılarda xoş ovqat yaratdı.
“Poeziya Gecəsi”ndə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, “Yeni Azərbaycan” qəzeti baş redaktorunun müavaini, əməkdar jurnalist Nadir Azəri və başqa ziyalılar da iştirak edirdi.
Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, “Kitabevim.az”ın qurucusu dos.dr. Şəmil Sadiq, “Xan Xəzinəsi” kitab evinin başçısı Xan Rəsuloğludan ibarət münsiflər heyətinin qərarına əsasən səsləndirilən şeirlər arasından üçü seçildi, müəlliflər ödülləndirildi: Xaçmazdan Habil RzaNur birinci yerə, Kürdəmirdən Anar Gülümsoy ikinci yerə, Balakəndən Aygün Sadiq isə üçüncü yerə layiq görüldü. Habelə 5 nəfərə həvəsləndirici ödüllər təqdim edildi. (Ödüllər “KitabEvim.Az”, “Xan Xəzinəsi”, “AzərKitab” və DGTYB tərəfindən təmin edilmişdi).
Fərqlənən iştirakçılara “Fəxri fərman”lar təqdim edildi.
Qeyd edək ki, “Yaradıclıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” layihəsi
təkcə paytaxt mühitində deyil, ümumən bölgələrdə də fərqlənən yaradıcı gənclər arasında istedadları üzə çıxarmaq, onları çağdaş ədəbiyyatımıza qazandırmaq - istedadlı, perspektiv vəd edən yeniyetmə və gənclərin yaracılıq məhsullarının ictimai diqqətə gəlməsinə nail olmaq; bölgələrdə yaşayan, yaradıcılıq potensialı olan yeniyetmə və gənci bir-birləri ilə və patyaxtdakı yaradıcı həmyaşıdları ilə tanış etmək; DGTYB-nin daha öncəki layihələri ilə üzə çıxarılmış istedadlı gənc yazarların ədəbi gündəmi, yaradıcılıq üfüqləri ilə yaxından tanış olmaq - onları, bir növ, mənəvi hesabatlılığa cəlb etmək; ədəbiyyat təsərrüfatımızın canlanmasına dəstək olmaq, DGTYB-nin bir yaradıcılıq qurumu olaraq institusional inkişafını təmin etmək və s. kimi məqsəd və vəzifələri daşıyır.


BİNƏQƏDİ GƏNCLƏR EVİNDƏ  “POEZİYA GECƏSİ” KEÇİRİLDİ

BİNƏQƏDİ GƏNCLƏR EVİNDƏ  “POEZİYA GECƏSİ” KEÇİRİLDİ

Oxşar xəbərlər