Belarusun təhsil işçiləri Azərbaycan Dövlət İqtisad Universitetinin təcrübəsinin öyrənilməsində maraqlıdırlar

Belarusun təhsil işçiləri Azərbaycan Dövlət İqtisad Universitetinin təcrübəsinin öyrənilməsində maraqlıdırlar Belarus Respublikasının Təhsil Nazirliyi və aparıcı ali təhsil müəssisələrinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Görüşdə bu ali məktəbin rektoru, professor Ədalət Muradov qonaqlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti haqqında ətraflı məlumat verib. UNEC-in qlobal reytinqlərində uğurla irəlilədiyini bildirən rektor dünyanın aparıcı universitetləri ilə reallaşdırılan ikili diplom proqramları, inklüziv təhsil sahəsində əldə edilən nailiyyətlər, əcnəbi tələbələr üçün qəbulun elektronlaşdırılmasından söz açıb.
Görüşdə Belarus Dövlət İqtisad Universiteti, Suxov adına Qomel Dövlət Texiniki
Universiteti, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Yanka Kupala adına Qrodno Dövlət Universiteti, Polotsk Dövlət Universiteti, Qrodno Dövlət Aqrar Universiteti, Belarus Milli Texniki Universiteti və Belarus Dövlət Universitetinin nümayəndələri təmsil etdikləri ali təhsil müəssisələri barədə ətraflı məlumat veriblər.
Qonaqlar Azərbaycan Dövlət İqtisad Universitetində yeni iqtisadi təhsil modelinin yarandığını məmnuniyyətlə izlədiklərini bildiriblər. Onlar bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayaraq UNEC-in təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını deyiblər.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər