Xızı rayonunda şair Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar “Mən şirin ləhcəli bir bülbüləm adlı tədbir keçirilib

Xızı rayonunda şair Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar “Mən şirin ləhcəli bir bülbüləm adlı tədbir keçirilib Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən şair Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Xızı rayon Sayadlı kəndində yerləşən “Müşfiq ocağında” tədbir keçirilib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, rayon ictimaiyyətinin nümyəndələri, poeziya sevərlər iştirak edib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov çıxış edərək tədbir iştirakçılarını idarə rəisi Mehman Şükürovun adından salamlayıb. Daha sonra Sumqayıt Regional Mədəniyyət idarəsinin Xızı rayonu üzrə nümayəndəsi Möhsün Bağırov, yazıçı Firudin Qurbansoy, Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı, “Mikayıl Müşfiq” gəmisinin kapitanı olmuş Sakit Məlikov və digərləri çıxış edib. Bildirilib ki, belə tədbirlərin keçirilməsində məqsəd uşaqların mütaliə maraqlarının artırılması, onlarda ədəbi zövqü inkişaf etdirmək, Azərbaycan ədəbiyyatının represiyaya məruz qalan görkəmli nümyəndələrini onlara tanıtmaqdır.
Firudin Qurbansoyun aparıcılığı ilə keçən tədbirdə şairin abidəsi ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb, şairin yazdığı şeirlərə bəstələnmiş mahnılar ifa edilib, şeirlərindən nümunələr dinlənilib.
Tədbirin sonunda Xalq Artisti Nurəddin Mehdixanlı Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamını oxuyub.
Tədbir Xızı rayon Heydər Əliyev Mərkəzində konsert proqramı ilə davam edib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər