ADNSU və “BOS Şelf” MMC arasında əməkdaşlıq genişlənir

ADNSU və “BOS Şelf” MMC arasında əməkdaşlıq genişlənir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-mexanika fakültəsinin professor və müəllimləri “BOS Şelf” MMC-də olublar.
Görüşdə fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov universitetdə müxtəlif istiqamətlərdə həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. ADNSU-da beynəlxalq əlaqələr, startap hərəkatı, ingilisdilli ixtisaslar, Lazer Mərkəzi, mübadilə proqramları, elmi-tədqiqatlar və s. barədə danışan Ə.Əhmədov, eyni zamanda, ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa təhsil sisteminə uyğun tədris aparıldığını diqqətə çatdırıb.
“BOS Şelf” MMC-nin direktor müavini Nazim Hüseynov şirkətin həyata keçirdiyi layihələrdən danışıb. Bakı Dərin Özüllər Zavodunun 1978-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa olunduğunu deyən N.Hüseynov “BOS Şelf” şirkətinin 2011-ci ildə zavodun ərazisində fəaliyyətə başladığını və həmin vaxtdan Xəzər dənizinin ən böyük obyektlərindən birinə çevrildiyini qeyd edib. O, ADNSU ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə ADNSU tələbələrinin gündəlik təcrübə proqramı çərçivəsində “BOS Şelf” MMC-də təcrübə keçməsi, işə cəlb olunması, şirkətin təcrübəli mütəxəssislərinin “dəvətli professor” qismində universitetə dəvət olunması və s. haqqında müzakirələr aparılıb.
Sonra müzakirə olunan məsələlərin həyata keçirilməsi üçün işçi qrupunun yaradılması və görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Hüseyn Şərifov

Oxşar xəbərlər