“Enactus AzMİU” komandasına yeni üzvlər seçilib

“Enactus AzMİU” komandasına yeni üzvlər seçilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq proqramlar sektorunun dəstəyi və təşkilatçılığı ilə “Enactus AzMİU” komandasının yeni tərkibinin təqdimat mərasimi keçirilib.
Beynəlxalq proqramlar sektorunun müdiri İsa Muradov tədbiri açıq elan edərək deyib: “Təqdimat mərasiminin keçirilməsində məqsəd “Enactus AzMİU” komandasına yeni üzvləri cəlb etmək və komandanın fəaliyyətini nəzərə çatdırmaqdır. Universitetdə kifayət qədər biznes ideyası olan potensiallı tələbələr var, biz həmin gənclərlə birgə “Enactus AzMİU” komandasında çalışaraq qarşıya qoyduğumuz hədəflərə çatmağı arzulayırıq”.
Tədbirdə Enactus (Entrepreneurial Action Us) beynəlxalq proqramının tarixindən söz açılıb. “Enactus Azərbaycan”ın proqram direktoru Əziz Fələkzadə bildirib ki, proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Enactus - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. Enactus ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir. Enactus Azərbaycanda 2005-ci ildən fəaliyyətdədir.
Sonda “Enactus AzMİU” komandasının yeni üzvləri seçilib. Komandanın köhnə üzvləri olan tələbələr yeni seçilən tərkibə uğurlar arzulayıblar.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər