Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çempion tələbə ilə görüş

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çempion tələbə ilə görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin tələbəsi, Avropa çempionatının qızıl medalını qazanmış idmançı Vəli İsrafilovla görüşüb.
Paralimpiyaçı çempionumuz Vəli İsrafilov ötən ayın 19-da Portuqaliyanın Madeyra şəhərində keçirilmiş böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olub. O, 100 metr məsafəyə brass üsulunda üzgüçülük yarışlarında 1 dəqiqə 4 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub. Beləliklə, “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Görüşdə rektor Mustafa Babanlı Vəli İsrafilovun bu uğurundan hər kəsin qürur duyduğunu vurğulayıb. Rektor deyib: “Universitet olaraq təkcə elmdə, təhsildə yox, hər bir sahədə uğur qazanan gənclərimizin yanındayıq, onları dəstəkləməyə hazırıq”.
Gənc paralimpiyaçı çempiona gələcək təhsilində və idman karyerasında uğur arzu edən rektor Mustafa Babanlı ona hədiyyə təqdim edib.
Vəli İsrafilov onu qəbul etdiyinə, həmçinin dəyərli tövsiyələrinə və xüsusi diqqətə görə professor Mustafa Babanlıya, eyni zamanda, müəllimlərinə təşəkkürünü bildirib. Qarşıdakı hədəfə çatmaq üçün bu görüşün onun üçün xüsusi motivasiya olduğunu vurğulayıb.
Qeyd edək ki, Vəli İsrafilov Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını oradan başlayıb. İndiyə qədər bir neçə beynəlxalq və yerli idman yarışlarının qalibi və iştirakçısı olub.

Tehsil-press.az


Oxşar xəbərlər