Böyük Qayıdışın ədəbi və əbədi təntənəsi

Böyük Qayıdışın ədəbi və əbədi təntənəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qədim Azərbaycan torpağı olan Qarabağı erməni işğalından azad etməsi ölkəmizin çoxəsrlik tarixinin misilsiz və nadir hadisəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə olan Böyük Qayıdış hərəkatının işığında Molla Pənah Vaqifin məqbərəsinin əsaslı şəkildə yenidən qurulması ilə xalqımızla birlikdə Azərbaycan ədəbiyyatının, milli mədəniyyətimizin və ictimai fikrimizin də Qarabağa Böyük Qayıdışı hadisəsi baş verir.
Bu fikirlər AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylinin “Böyük Qayıdışın ədəbi və əbədi təntənəsi” adlı məqaləsində yer alıb. Həmin məqaləni təqdim edirik.
Prezidentimizin çox dəqiq şəkildə bəyan etdiyi kimi, ulu öndər Heydər Əliyev sovet dövründə Qarabağ xanının vəzirinin şərəfinə məqbərə ucaltmaqla fövqəladə bir qeyri-adi tarixi missiyanı həyata keçirmişdir. Hesab edirəm ki, sovet hakimiyyətinin sərt dövründə ulu öndər Heydər Əliyevin Molla Pənah Vaqifin məqbərəsini Qarabağda ucaltması siyasi-tarixi mahiyyəti etibarilə Azərbaycan SSR rəhbərinin Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirməsi kimi təkraredilməz tarixi hadisədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad olunması və Molla Pənah Vaqifin məqbərəsini yenidən Şuşa şəhərində əzəmətlə ucaldılması XXI əsrin əfsanəsidir. Qarabağın 30 ilə yaxın işğalından sonra düşməndən xilas edilməsi ölkəmizin sovet ideologiyasının məngənəsindən qurtarması qədər, hətta xeyli dərəcədə artıq çətin, məsuliyyətli və şərəfli xidmət işidir.
Azərbaycan Respublikasını inkişaf etdirərək möhkəmləndirmək, Qarabağı işğaldan azad etmək və Molla Pənah Vaqifin məqbərəsini yenidən möhtəşəm şəkildə ucaltmaq XXI əsrdə əfsanələrin həyata keçirilməsinin mümkünlüyünün isbat olunması deməkdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev XXI əsrdə əfsanələri gerçəkləşdirən qüdrətli dövlət xadimidir.
Sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin çoxmillətli tərkibə malik olan Qarabağın dağlıq hissəsində, Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı əzəmətli məqbərə möhtəşəm azərbaycançılıq abidəsidir.
Prezident İlham Əliyevin müstəqillik dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Molla Pənah Vaqifin məqbərəsini böyük memarlıq əsəri kimi Şuşa şəhərində bərpa etməsi işğaldan azad edilmiş Qarabağ torpağının Azərbaycan möhürüdür.
Molla Pənah Vaqifin ölməz sənəti əbədi olduğu kimi, ona Şuşada ucaldılmış məqbərə də azərbaycanlıların özlərinin doğma torpaqlarına əbədi qayıdışının rəmzidir.
Molla Pənah Vaqifin yenidən ucaldılmış məqbərəsi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdə olan Böyük Qayıdışın dönməzliyinin rəmzidir.
Vaqifin məqbərəsi Azərbaycan ədəbiyyatı və incəsənətinin əsas beşiyi və mühüm inkişaf mərkəzlərindən olan Qarabağda ucaldılmış ədəbiyyat heykəlidir. Dünyanın heç bir ölkəsində ədəbiyyata və incəsənətə Molla Pənah Vaqifin məqbərəsi səviyyəsində böyük sənət abidəsi ucaldılmayıb.
Vaqif Poeziya Günləri – Azərbaycan ədəbiyyatı və mədəniyyətinin böyük hesabat və təntənəsidir.
Vaqif Poeziya Günləri - ədəbiyyatın və incəsənətin, Qarabağın daha böyük inkişafa və parlaq gələcəyə çağırışlarının şeir dili ilə ifadə olunmuş direktivləridir.
Böyük Qayıdış ilinin Vaqif Poeziya Günləri yalnız mühüm ədəbiyyat tədbiri olmayıb, həm də mühüm ictimai-siyasi hadisədir.
Dahi Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın, məşhur xanəndə Bülbülün gülləbaran edilmiş heykəllərinin 30 ildən sonra yenidən Şuşaya, öz əzəli yerlərinə qaytarılması Azərbaycan xalqının məğlubedilməzliyinin rəmzidir.
Bu il Cıdır düzündə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Novruz tonqalının alovlandırılması milli-mənəvi dəyərlərimizin, Azıx mağarasına yol açılması qədim tariximizin, Molla Pənah Vaqifin məqbərəsinə Şuşa şəhərində yeni həyat verilməsi isə zəngin ədəbiyyatımızın və incəsənətimizin xalqımıza Böyük Qayıdışının əfsanəsi yox, gerçək reallığıdır.
“Nizami Gəncəvi İli”ndə Şuşa şəhərində Vaqif Poeziyası Günlərinin keçirilməsi ölkəmizdə müdrik sözə, böyük sənətə və qüdrətli sənətkarlara dövlət səviyyəsində göstərilən böyük qayğının növbəti əməli təntənəsidir.
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında Məhəmməd Füzulindən sonrakı və Mirzə Fətəli Axundzadədən əvvəlki dövrün ən böyük sənət zirvəsidir.
Erkən realizmin banisi olan, yeni realist şeir məktəbi yaradan Molla Pənah Vaqifin heca vəzni üstündə köklənmiş zəngin yaradıcılığı Qarabağın timsalında geniş mənada Azərbaycanın “abi-həyatı”nın poeziyasıdır.
Azərbaycan ədəbiyyatında ümumi şəkildə tərənnüm olunan Vətən və doğma torpaq anlayışlarına Molla Pənah Vaqif xalq həyatı və ölkə coğrafiyası səviyyəsində həyatilik və konkretlik gətirmişdir.
Azərbaycan yaradıcı ziyalılarının Molla Pənah Vaqifin məqbərəsi önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birləşməsi ölkəmizdə formalaşmış möhtəşəm birliyin canlı təcəssümüdür.
Vaqif Poeziya Günləri – Qarabağa Böyük Qayıdışın möhtəşəm başlanğıcı, mühüm start nöqtəsidir.

Tehsil-press.az


Oxşar xəbərlər