BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin görüşü

BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin görüşü Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin növbəti görüşü olub.
Görüşdə fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov “Söz” Yaradıcılıq Birliyinin fəaliyyətinin daha da genişləndirilməsi üçün görüləcək işlərdən, qarşıda dayanan əsas vəzifələrdən söz açıb. Qeyd olunub ki, ölkənin tanınmış ədəbiyyat xadimlərinin “Söz” Yaradıcılıq Birliyinin üzvləri ilə mütəmadi görüşləri təşkil olunacaq. Bədii yaradıcılıqla məşğul olan tələbələr bu qurumda fəaliyyət göstərərək, daha da inkişaf edəcəklər. Gələcəkdə həmin tələbələrin yazıları respublikanın bu sahə üzrə nüfuzlu mətbuat orqanlarında çap olunacaq.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı tələbələrə yazı texnikasının xüsusiyyətlərindən danışıb, müasir ədəbi prosesi daim izləmələrini tövsiyə edib.
Fakültənin II kurs magistrantı Gülay Tahirli, II kurs tələbəsi Ayna Əhmədli, I kurs tələbəsi Tərlan Allahverdiyeva öz bədii yaradıcılıqlarından nümunələr səsləndiriblər.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər