BDU Avropa Universitetlər Assosiasiyasının nəzdindəki Tədqiqat və İnnovasiya Strategiyası Qrupunda təmsil olunacaq

BDU Avropa Universitetlər Assosiasiyasının nəzdindəki Tədqiqat və İnnovasiya Strategiyası Qrupunda təmsil olunacaq Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Avropa Universitetlər Assosiasiyasının (EUA) nəzdində fəaliyyət göstərən Tədqiqat və İnnovasiya Strategiyası Qrupuna (RISG) üzv qəbul edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
RISG-də Avropanın Sarbonna Universiteti (Fransa), Leuven Katolik Universiteti (Belçika), Tilburq Universiteti (Niderland), Oslo Universiteti (Norveç), Lodz Universiteti (Polşa) və digər ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən İsveçrənin Ali Təhsil İnstitutları Assosiasiyasının sədri üzv kimi fəaliyyət göstərirlər. BDU Azərbaycandan RISG-də təmsil olunan yeganə qurumdur.
EUA-nın nəzdində fəaliyyət göstərən RISG Assosiasiyanın Avropa universitetlərinə dair tədqiqat və innovasiya strategiyasını hazırlamaq üçün geniş səlahiyyətə malikdir.
Qrupun tədqiqat və innovasiya sahəsində təcrübə və səriştəyə malik universitet rəhbərlərindən ibarət üzvləri strateji siyasəti nəzərdən keçirməklə, habelə tədqiqat və innovasiya sahəsində Avropa siyasəti üzrə EUA-nın mövqeyini, bəyanatlarını və tövsiyələrini hazırlamaqla EUA Şurasına məsləhət və dəstək verirlər. Sözügedən Qrup EUA-nın uzunmüddətli strateji qrupu kimi yaradılır və onun fəaliyyəti iki ildən bir Şura tərəfindən nəzərdən keçirilir.
BDU cari ilin fevral ayında 17 milyon tələbənin təhsil aldığı, 47 ölkənin 800-dən çox universitetinin birləşdiyi Avropa Universitetləri Assosiasiyasının tamhüquqlu üzvü qəbul edilib və Avropanın qabaqcıl universitetlərini birləşdirən platformaya qoşulub.

Tehsil-press.az

Oxşar xəbərlər