UNEC-in işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə həsr etdiyi 3 kitabın təqdimatı keçirilib

UNEC-in işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə həsr etdiyi 3 kitabın təqdimatı keçirilib Bakı VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə həsr edilmiş 3 kitabın təqdimatını keçirib.
Tədbirin moderatoru, UNEC KİM-in direktoru Adilə Abdullayeva qeyd edib ki, işğaldan azad edilmiş torpaqların dirçəlişinə həsr olunan kitabların təqdimatının məhz beynəlxalq tədbir çərçivəsində reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu kitablar iş adamları, sahibkarlar və digər kommersiya subyektləri üçün yol xəritəsinə çevriləcək.
Layihə rəhbəri və BMDM-in direktoru dosent Fariz Əhmədov, BMDM-in direktor müavini dosent Aytən Hüseynli, Kiçik və Orta Biznesin İnkişafı UNEC Tədqiqat Mərkəzinin direktoru Cəbrayıl Vəliyev, dosent Kəmalə Nəcəfova çıxış edərək, kitablarda əksini tapan elmi araşdırma nəticələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının milli iqtisadiyyata reinteqrasiyası baxımından aktuallığını vurğulayıblar.
Aytən Hüseynli “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafinda investisiyaların rolu” kitabından söz açaraq, nəşrin 3 dildə (Azərbaycan, ingilis, rus) 10 elmi-tədqiqat xarakterli məqalələr toplusu şəklində olduğunu bildirib.
Cəbrayıl Vəliyev isə “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı” kitabı haqqında məlumat verib. Kitabın mövzularının Qarabağda və Şərqi Zəngəzurda biznes mühiti, kiçik və orta biznesin inkişafı, maliyyələşdirilməsi, iqtisadiyyatın bərpası, sahibkarlığın inkişafında dövlət-özəl sektor tərəfdaşlığı və s. ilə bağlı olduğunu vurğulayıb.
“Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının sektoral qiymətləndirilməsi” kitabından söz açan Kəmalə Nəcəfova, nəşrdə Qarabağ iqtisadi rayonunun işğaldan öncəki dönəmdə respublikanın iqtisadi təhlükəsizliyinin təminatındakı rolundan, regionun iqtisadi potensialından və s. mövzulardan bəhs edildiyini bildirib.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb və təqdimatda iştirak edən qonaqlara kitablar hədiyyə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər