ADPU-nun prorektoru ECAR layihəsi çərçivəsində keçirilən iclasda çıxış edib

ADPU-nun prorektoru ECAR layihəsi çərçivəsində keçirilən iclasda çıxış edib [b]Avropa İttifaqının “Erasmus+” layihəsi çərçivəsində maliyyələşdirilən və Bakı Biznes Universiteti (BBU) tərəfindən koordinasiya olunan “Azərbaycanda Rektorlar Konfransının yaradılması (ECAR)” layihəsinə tərəfdaş olan 19 ali təhsil müəssisəsinin iştirakı ilə pilot olaraq təsis edilmiş Tədris və keyfiyyət məsələləri üzrə komitənin üzvlərinin Vilnüs şəhərinə səfəri təşkil olunub. Səfərdə 16 tərəfdaş universitetdən tədris və keyfiyyət təminatına məsul olan 30 rəhbər şəxs iştirak edib.
Səfər müddətində Tədris və keyfiyyət məsələləri üzrə pilot komitənin hibrid formada iclası keçirilib.
İclasda pilot komitənin sədri, ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov görülmüş işlər haqqında məlumat verib. Komitə üzvlərinin fəal müzakirələri ilə Komitənin əsasnaməsi, 2023-cü il üzrə illik iş planı və komitə üzvü olan ali məktəblər arasında keçirilməsi nəzərdə tutulan sorğu layihəsi qəbul edilib. İş planına əsasən, Azərbaycan ali məktəblərində tədris və keyfiyyət təminatı sahəsində mövcud vəziyyətin təhlili məqsədilə komitə üzvləri arasında sorğunun keçirilməsi, Azərbaycan ali məktəblərində tədrisin təşkili və daxili keyfiyyət təminatı ilə bağlı mövcud normativ-hüquqi bazanın araşdırılması və onun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, institusional akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinin təcrübəsinin dinlənilməsi, tədris və keyfiyyət təminatı ilə bağlı qabaqcıl təcrübələrin yayılması üçün dinləmələrin təşkili nəzərdə tutulub. Həmçinin planda İqtisadiyyat Nazirliyinin əmək bazarının araşdırılması barədə təhlilin nəticələrinin müzakirəsi və bəzi ixtisaslar üzrə müasir əmək bazarının tələblərinin dinamikasının sürətli dəyişikliyi, bakalavriat səviyyəsində bəzi ixtisaslar üzrə 3 illik təhsil proqramlarına keçidlə bağlı təkliflərin müzakirəsi, eyni ixtisaslar üzrə 60 kreditlik seçmə fənlər blokuna daxil edilən fənlərin ali məktəblər arasında qarşılıqlı uzlaşmasının və təhlilinin aparılması, təcrübənin təşkilində qabaqcıl təcrübənin bölüşdürülməsi, magistratura üzrə yeni nəsil dövlət təhsil proqramlarının hazırlanması və s. məsələlər yer alıb.
Komitə üzvləri ölkədə ali təhsildə tədris və ümumilikdə keyfiyyətin daha da yüksəldilməsi üçün bütün maraqlı tərəflərlə və layihəyə qoşulmamış universitetlərlə də əməkdaşlıq etməyə hazır olduqlarını ifadə etdilər.
İclasda elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Mikolo Romerio Universitetinin (MRU) Akademik İşlər Mərkəzinin direktoru professor İnqa Yuknite-Perkerikine və MRU-nun digər məsul əməkdaşları da iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər