Milli travmatologiya və ortopediyanın inkişafında Əziz Əliyevin xidmətləri ölçüyəgəlməzdir

Milli travmatologiya və ortopediyanın inkişafında Əziz Əliyevin xidmətləri ölçüyəgəlməzdir Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (ETTOİ) 1946-cı il martın 11-də hərbi hospitalın bazasında yaradılıb. 1946-cı ildə SSRİ-nin bəzi şəhərlərində ortopediya və bərpaedici cərrahiyyə institutlarının yaradılması Böyük Vətən müharibəsi (BVM) əlillərinə ixtisaslaşdırılmış travmatoloji və ortopedik yardım göstərmək məqsədi daşıyıb. 1951-1959-cu illərdə ETTOİ-nin direktoru böyük ictimai və siyasi xadim, professor Əziz Əliyev olub. BVM iştirakçılarının təkcə Bakıda deyil, bölgələrdə də yardıma ehtiyacı olduqları bir vaxtda Ə.Əliyev müharibə əlillərinin müalicəsi və reabilitasiyası məsələlərinə dair səyyar elmi konfranslar təşkil edirdi. İnstitutda güllə yaralarının və onların fəsadlarının cərrahi yolla müalicəsi məsələlərinə dair elmi-tədqiqat işi aparılırdı. 1952-ci ildə Bakıda Zaqafqaziya və Şimali Qafqaz respublikalarının travmatoloq və ortopedlərinin elmi-praktik konfransının təşkilində Ə.Əliyevin böyük xidməti var.
Tehsil-press.az xəbər verir ki, bu barədə ETTOİ-nin direktoru, tibb elmləri doktoru, professor Vaqif Verdiyev institutun 70 illik yubileyinə həsr olunmuş tədbirdə jurnalistlərə müsahibəsində məlumat verib.
ETTOİ-nin Azərbaycanda və bütövlükdə dünya elmində ortopediya və travmatologiyanın inkişafına sanballı töhfə verdiyini vurğulayan V.Verdiyev deyib: “ETTOİ SSRİ-də ilik patologiyası bölməsinin, toxumaların konservasiyası, eksperimental və neyrofizioloji laboratoriyaların və s. açıldığı ilk institutlardan biri olub. ETTOİ-də sümüklərin osteosintezinin, cərrahi müalicənin, dayaq-hərəkət aparatı sisteminin poliomielitin tədqiqi, onurğanın, yuxarı və aşağı ətrafların deformasiyası kimi anadangəlmə və qazanılmış deformasiyaların müalicəsinin yeni metodları tətbiq edilib. Son illər ETTOİ-də yeni texnologiyalardan geniş istifadə olunur. Ətrafların sınıqlarında bloklayıcı ştiftlər, plastinlər, diz oynağına fiksasiyaedici bandajların müxtəlif növləri, boruşəkilli əl sümüklərinin postrezeksion qüsurlarında biokompozit materiallar tətbiq edilir. Bundan əlavə, institut Azərbaycanın paytaxtı Bakıda və bölgələrdə bu sahədə praktiki yardım göstərən aparıcı elmi-tədqiqat müəssisəsidir. ETTOİ-də ətraflarda, onurğada və çanaq sümüyündə mürəkkəb əməliyyatlar aparılır”.
V.Verdiyev bildirib ki, institutun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda Gəncə, Sumqayıt, Naxçıvan və ölkənin digər regionlarında çalışan 300-dən çox travmatoloq və ortoped, habelə Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya, Almaniya və Qırğızıstandan 30-dan çox mütəxəssis iştirak edir. V.Verdiyev fikrini belə yekunlaşdırıb: “Yubiley tədbirləri çərçivəsində institutun tarixinə dair kitab çap olunub, “Azərbaycan travmatologiya və ortopediyası” jurnalının institutun 70 illiyinə həsr olunmuş xüsusi nömrəsi üç dildə işıq üzü görüb”.

Tehsil-press.az

Oxşar xəbərlər