Şəhid anası gəlir

Şəhid anası gəlir
( İş yoldaşım Ceyran Axundovanın timsalında bütün şəhid analarına)

Oğlu şəhid oldu ki,vətən darda qalmasın,
Anaların çöhrəsi saralmasın,solmasın.
Səhərlərin üstündə zülmət zəfər çalmasın,
Çıraqları yandıraq!-Şəhid anası gəlir,
yolunu nurlandıraq !
Şəhid anası gəlir!
Sözündəki ülvilik üzundəki nurdumu,
Qoşa bəyaz hörüklər Arazdımı, Kürdümü,
O öpdüyü başdaşı Kəbədimi,pirdimi ,
Gah Tomris libasında, gah Nigar görkəmində
Şəhid anası gəlir!
Təzim edək önündə!-Şəhid anası gəlir!
Bayatılar,ağılar-dodağının boyası,
Göz yaşına yem olub gözlərinin ziyası.
Dərd əlində əsirdir zərifliyi,həyası,
Əynində qara paltar, alnı açıq,üzü ağ
Şəhid anası gəlir,
Baş əyək, qarşılayaq!-Şəhid anası gəlir.

***

Azərbaycan Əsgəri
(Əbdül Məcid Axundov başda olmaqla bütün Aprel döyüşləri iştrakçılarına)
Boynumuzda nə qədər sənin haqqı-sayın var,
Boyuna qurban olum!Nə mübarək boyun var.
Qol qaldırıb süzməyə vağzalın var,toyun var,
Mən hər səni görəndə könlümə həvəs gəlir,
Azərbaycan əsgəri.
Qoymaz rahat yatmağa köksümdə ürək məni,
Səndən özgə kimim var, əl mənim,ətək sənin.
Qarabağsız səadət nəyimə gərək mənim,
Onsuz dünya gözümə qaranlıq qəfəs gəlir,
Azərbaycan əsgəri.
Qarabağın möhtəşəm dağlarına çıx,bala
Yaxasından yapışıb yağıları yıx,bala.
Başladığın bu yürüş qoyma yarımçıq qala,
Sənsən işğalda qalan yurdların xılaskarı,
Azərbaycan əsgəri.
Dilimizdə Üzeyirin, Xan əminin bəstəsi,
Biz qələbə təşnəsi,biz qələbə xəstəsi.
Qarabağın himnidir Qarabağ şikəstəsi,
Ağabəyim ağanın ruhu da qəfəsdədir,
Azərbaycan əsgəri.
Ərgünəşin,Murovun dərd yolduqca saçını,
Səndən nicat gözləyir, sənə tərəf uçunur
Cəbrayılı,Qubadlısı,Zəngilanı,Laçını,
Füzulisi,Ağdamı,Şuşası,Kəlbəcəri,
Azərbaycan əsgəri.
Ağıları dərdinə məlhəm şəhid anası,
Xiyabanda göyərib bitər şəhid anası...
Dörd tərəfi Kərbəla...Vətən-şəhid anası,
Ay könlümün güvənci, ay dilimin əzbəri,
Azərbaycan əsgəri.
Bağlar necə sınıxıb , dağlar necə qocalıb,
Əsir düşüb Qarabağ, şəhid olub Xocalı.
Sənin əllərindədir qələbənin açarı,
Heyratıdır,cəngidir hər yürüşün,zəfərin,
Azərbaycan əsgəri.
Hər Şəhidin məzarı qaladır burda,qala,
Analar istəyər ki, daş olub burda qala...
“Bizim qısasımızı qoymayın yerdə qala”
Şəhid məzarlarından qulağıma səs gəlir,
Azərbaycan əsgəri ,Azərbaycan əsgəri!

***

Bütün vücudunla yurda bağlısan,
Basılmaz ordumsan, alınmaz qalam.
Sən indi Vətənin əsgər oğlusan,
Sən elə mənim də balamsan, balam!

***

ŞƏHİDLƏR XİYABANI

Yurdun yaralarına bağlanan tənzifdirmi
Şəhidlər Xiyabanı?
Oxunan dastandırmı , Varaqlanan mifdirmi,
“Segah”ında “Dəraməd” , “Şur”unda təsnifdirmi
Şəhidlər Xiyabanı?
Hər baş daşı, hər məzar
Cinas sözlərə bənzər
Vətənin yaddaşında saxlanan təcnisdirmi
Şəhidlər Xiyabanı?!
YOLUM –MƏMMƏD ARAZ YOLU
Mənim yolum söz yoludur,
Yolum- Məmməd Araz yolu,
Sağım Məmməd Araz yolu,
Solum Məmməd Araz yolu.
Eşitdikcə sədanızı
Əl isinir, ürək qızır.
Gəlin sizin qadanızı
Alım Məmməd Araz yolu.
Ovucumu deşib qalan,
Cibimdə ilişib qalan,
Sağ yanıma düşüb qalan
Qolum Məmməd Araz yolu.
Günahımı əfv eyləyin,
Ya da əzin, məhv eyləyin.
Yol üstündə dəfn eyləyin,
Olum Məmməd Araz yolu,
Gedin Məmməd Araz yolu,
Gəlin Məmməd Araz yolu.

***

GEDİN

Bütün dərdinizlə, kədərinizlə
Gəlin, ürəyimi dağlayın,gedin.
Yazın ortaları sellər sayağı
Coşun, çalxalanın, çağlayın, gedin.
Görcək qanadlanıb uçum təzədən,
Göyçək boynunuzu qucum təzədən.
Gəlin,gözlərimi açın təzədən,
Gəlin gözlərimi bağlayın, gedin.
Döyüşə girmişəm yalın əlimlə,
Əlimdən çıxmayın, qalın əlimdə.
Mənim nəyim varsa alın əlimdən,
Bir azca mənə də saxlayın, gedin.
Soruşun: Ay Əşrəf, nə var, nə yoxdur,
Dünyanın dilində deyim –“hə”yoxdur.
Qışda çox istidir, yayda soyuqdur,
Gəlin əhvalımı yoxlayın, gedin.
Gəlin sazlı-sözlü bir yaz keçirək,
Niyə aralıqdan Araz keçirək.
Ya da ki yığışıb iclas keçirək,
Siz də eynək altdan yuxlayın, gedin.
Orda bir quş qonar hasarım üstə,
Ötər “Çahargah”da “Hisar”ın üstə...
Gəlin bircə kərə məzarım üstə,
Gəlin,özünüzü ağlayın, gedin.

***

ÇIXDI QARŞIMA

“İnsanlığa şərəf verən Türk millətinin düşməni olmaq insanlığa düşmən olmaqdır”
Fransız yazıçı-Alfonse De Lamartin
Ulduz kimi səpələnib hər yana,
Hara getdim elim çıxdı qarşıma.
Baş götürüb zülümlərdən qaçırdım,
Hər addımda zülüm çıxdı qarşıma.
Aras kəsdi, Xəzər kəsdi yolumu,
Gömrük kəsdi,hasar kəsdi yolumu,
Neçə-neçə məzar kəsdi yolumu,
Öz ayağım,əlim çıxdı qarşıma.
Ədalətin keşiyində dayanan,
Türkü gördüm üz tutdumsa hayana.
Günçıxandan,günbatandan o yana,
Yollaşmayan yolum çıxdı qarşıma.
“Gəlincik”dən “Anapa”ya yol açdım,
“Yenisu”dan “Albeni”yə qol açdım,
Gah Sibirdə,gah Altayda dolaşdım,
“Bəygöl”kimi gölüm çıxdı qarşıma.
Unudulmuş bucaqlara uçundum,
Mərhəmətsiz qucaqlara uçundum,
Söndürülmüş ocaqlara uçundum,
Öz kösöyüm ,külüm çıxdı qarşıma.
Sınaq yolu,dərs yoludu bu yollar,
Türkün müqəddəs yoludu bu yollar.
Əcəl olub,kəs yolumu bu yolda,
Demərəm ki, ölüm çıxdı qarşıma.

***

01.09.2011.

ŞAİR

Şair sözdə gəzər
Gözəl baxtını.
Söznən ürəklərdə
Saraylar yapar.
İtirə-itirə qızıl vaxtını
Qızıldan qiymətli
İncilər tapar.

*** 2011

SALAM

Salam bu köhnə dünyaya
Təzə gələn şairlərə.
Söz qanıb mətləb anlayan,
Qədirbilən şairlərə.
Bir nəfəsə min ah çəkən,
Hər sözünü sınaq çəkən,
Kədərə şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.
Əriyib sözə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə.

*** 2011

AXIRDA

Anam vardı-yanan vardı mənə də,
Gözlərimdə yaşa döndü axırda.
Dörd tərəfdən qar ələndi başıma,
Növbaharım qışa döndü axırda.
Yağmalanmış yurdumuzdan söz açar,
Sinəsində yaraları göz açar.
Yanağında cığır salan,iz açan
Barmaqları xışa döndü axırda.
Mələklərtək səmalardan endi o,
Başımızda üzərliktək yandı o,
Hara getdim,yolum üstə qondu o,
Ağ xalatlı quşa döndü axırda.
Nəvələri gözü kimi sevərdi,
Gec görəndə ürəyini yeyərdi.
“Allah,məni daşa döndər”-deyərdi,
Mənim anam daşa döndü axırda.

*** 2015

ANALAR

Beşiklər başında laylalar deyər,
Sevincdən don biçib geyər analar.
Körpələr nə zaman böyüyər deyə,
Günləri, ayları sayar analar.
Öpüb sığallayar gözlərimizi,
Min bir qayğı ilə böyüdər bizi.
Dilimiz söz tutar, sözlərimizi
Ellərdən ellərə yayar,analar.
Yolu duman tutsa,dağı qar alsa,
Aylı gecələri birdən qaralsa,
Başımız üstünü buludlar alsa,
Birinci hiss edər,duyar analar.
Kövrəldər bir kiçik söz ürəyini,
Xəzanlar bürüyər yaz ürəyini.
Çıxarıb köksündən öz ürəyini,
Yaramız üstünə qoyar analar.
O bütün qəlblərin dostu, yaxını,
Bu yerlər, bu göylər ona sığınır.
Oğul günahını,qız günahını,
Gözünün yaşıyla yuyar analar.

MƏN NİYƏ YAZIRAM BU YAZILARI

Əridə-əridə odlu qəlbimi,
Dünya öz işində qalacaqdısa,
Kainat milyon il əvvəlki kimi,
Köhnə havaları çalacaqdısa,
Mən niyə yazıram bu yazıları?
Tanrının yanında üzüm yoxdusa,
Dünyada heç nədə gözüm yoxdusa,
Haçandır dilimi bir söz göynədir,
Onu da deməyə lüzum yoxdursa,
Mən niyə yazıram bu yazıları?
Bir də görürsən ki,gün dağdan aşıb,
Dərdin əllərinə saçın dolaşıb..
Çoxu çıxarıbdır ürəyi yaddan,
Çoxunun çörəyə qarışıb başı,
Mən niyə yazıram bu yazıları?
Uzağı bir sözü yazanacandı,
Əl sözə isinib qızanacandı...
Çətini beşikdən məzaracandı,
Məzardan bu yana gəliş yoxdusa,
Məzardan o yana gediş yoxdusa,
Məzardan o yanda bir iş yoxdusa,
Mən niyə yazıram bu yazıları?
Mən kimə yazıram bu yazıları?

*** 16.12.1997

YAŞADIM

Dünyaya gəlib yaşadım,
Ağlayıb-gülüb yaşadım.
Mən yaşayıb ölmədim ki,
Mən hər gün ölüb, yaşadım.
Qeydimə qalan gözəlin,
Dərdlərə salan gözəlin,
Canımı alan gözəlin
Qadasın alıb,yaşadım.
Boşlamalı dünya deyil,
Xoşlamalı dünya deyil.
Yaşamalı dünya deyil,
Üzümə salıb,yaşadım.

*** 2010

İŞ YERİ

Soruşma ki, ay Əşrəf,
Bu nə dərddi,gileydi.
İndi ağız açmaq da-
Əl açmaq kimi şeydi.
Kimə üz tuturamsa
Mərhəmətsizdi,keydi
Yetən yoxdu karıma.
Əl açıb
İş yeri dilənirəm
Vətəndən
Didərgin düşmüş
Oğlanlarıma.

*** 2007

YAŞAYAR

Arzularım qar altında gül açar,
Daş üstündə bitən ömrü yaşayar.
Ərənlərim qayalardan yol açar,
Yol,
Bu yolu gedən ömrü yaşayar.
Ürək nədir?
Ürək sevgi,sayğıdır.
Bir-birinə nəvazişdir,qayğıdır,
Başdan-başa həyacandır,duyğudur.
Ürək də var-gödən ömrü yaşayar.
Yazan qalar söz ömrünün hayında.
Ozan qalar saz ömrünün hayında.
İnsan da var-öz ömrünün hayında,
İnsan da var-Vətən ömrü yaşayar.

*** 2013

TƏNDİR
Göyün ulduzları köksünə axar,
Yanıb qızaranda yaşayardı o.
Söndümü,
Döyüşdən təzəcə çıxan
Bir top lüləsinə oxşayardı o.
Elə ki gözünə anam su çilər,
Onun dövrəsində əli gəzinər-
Üstü yumurtalı çörəkləriylə
Dönərdi kəhraba xəzinəsinə.
Bayram eləyərdik o yana günü,
Aclıq qorxuları odda bişərdi.
Bəlkə də yadına bir döyüşçünün
Qızıl zəmilərin ətri düşərdi.
Təndir-gözdə işıq, qolda tutardı
41-dən 45-ə az yanardı o.
Çox zaman bizimlə birgə yatardı,
Anam oyadanda oyanardı o.
Yaxın həmdəm idi, dost idi bizə,
Biz az da işsizlik yormuşdu onu.
Torpağa-yaşayış vərəqəmizə
Anam möhür kimi vurmuşdu onu.
Döyər qapımızı min yol ehtiyac,
Aclıq dönə-dönə yoxlardı bizi.
Təndir bir qarnı tox, bir qarnı da ac
Qızara-qızara saxlardı bizi,
Odda ütə-ütə kirpiklərini
Dünyanın qeydində qalardı anam.
Elə bil Vətənin beş əsgərini
Əjdaha ağzından alardı anam.
Xırda kişilərdik o zaman biz də,
Sevinci anlayar, dərdi duyardıq.
Qılçıq da görəndə yolda, ya rizdə
Öpüb gözümüzün üstə qoyardıq...
O vaxt fikirliydi bu göy də, yer də,
O vaxt fikirliydi bu qaya, bu daş.
Dünyanın gərdişi,hər kəsi bir də
Çörəklə çəkməsin imtahana kaş!

***

UTANIR

Budanıbdır insanlığın ağacı,
Sındırılmış budağından utanır.
Dünənlərdə itib qalıb dünəni,
Bu günündən,sabahından utanır.
Bu ağacın yarpaqları incədir,
Bu yamacın çiçəkləri qönçədir.
Bu görünən dağlar ki var,külçədir
Viran qalmış yatağından utanır.
Əsrimizin əsəbləri nə gərgin,
Bu ağrıdan hamımıza yetər ki..
Hara baxsan qaçqın,köçkün,didərgin..,
Söndürülmüş ocağından utanır?...
Bəlkə əyyaş dünyasıdır bu dünya,
“Ürəyi daş”dünyasıdır bu dünya.
“Papaq al-qaç”dünyasıdır bu dünya,
Qaçırdılmış papağından utanır?...
Haqq yoludur Kəbəmizin yolları,
Haqlılar da, haqsızlar da yoldadır.
Öz nəfsinin,tamahının qulları
Həccə gedən günahından utanır.
Gedən gəlmir,gələn getmək istəmir,
Sözqananlar söz eşitmək istəmir.
Üzlü qonaq durub getmək istəmir,
Ev sahibi qonağından utanır.
Könüllərdə yurd salıbsa xəyanət,
Şəriətə təriqətə nə hacət?!
Məclislərdən qaçaq düşən mərifət
Endirilmiş bayrağından utanır.
Yazdıqlarım söz öncəsi, söz ardı..
Bacarsaydım hamısını pozardım..
Əvəzində bircə kəlmə yazardım,
Əlim elin qınağından utanır.
Biz oyunçu,həyatsa bir səhnədir,
Bu quruluş bu mizanda köhnədir.
Dünya bizim anamızdır, ya nədir
Öz yarımçıq uşağından utanır.
Mərd yaxası namərdlərin əlində,
Vüsal qalıb həsrətlərin əlində.
Naçar bəndə bu dərdlərin əlində
Naçar qalmış Allahından utanır.
*** 2011

VAXT QATİLLƏRİ

Hər gün neçə-neçə qayğı gətirər,
Fikirlər qurd kimi daraşar bizə.
Bizsə vaxt qatili, zaman qatili,
Cani də desələr yaraşar bizə.
Yaşayıb,yaradıb ömür sürməyi,
Nəğmə zənn eyləyib,nağıl biliblər.
Müdrik ağsaqqallar vaxt öldürməyi
Adam öldürməkən ağır biliblər.
Heyif!Ömrümüzü bir qədəh kimi
Qaldırıb başına,içən günlərə.
Şərab stolunda,nərd arxasında,
Məmur qəbulunda keçən günlərə.
Neyləyək?-biz haram qata bilmərik
Tənbəl ayaqların yerişinə də.
Çox vədə vaxt tapıb gedə bilmərik
Doğma insanların görüşünə də.
Növ-növ oyunlarla baş qatarıq biz,
Çox vaxt uduzarıq-bəxtimiz olmaz.
Vaxtı öldürməyə vaxt taparıq biz,
Vaxtı yaşatmağa vaxtımız olmaz.

2013

Əşrəf Veysəlli

Oxşar xəbərlər